Yarpağı xurma, meyvəsi çiyələk, dadı tut – Lənkəranda qeyri-adi ağac diqqət çəkib VİDEO
Lənkəran, 16 noyabr, AZƏRTAC
Lənkəran rayonunun Ləj kəndində maraqlı xüsusiyyətləri ilə seçilən meyvə ağacı yetişdirilir. Görünüşcə yabanı xurmanı, meyvəsi çiyələyi xatırladan, dadı isə tuta bənzəyən bu ağacın adı hələlik məlum deyil.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qeyri-adi ağac yerli sakin Ramiz Cəfərovun təsərrüfatında yetişib. Təsərrüfat sahibinin sözlərinə görə, o, ağacı 3-4 il əvvəl yaxın qohumunun həyətində görüb. Meyvəsinin dadına baxdıqdan sonra onu öz təsərrüfatında yetişdirmək qərarına gəlib.
“Gətirdim evdə əkdim, qulluq etdim. Keçən il meyvə gətirmişdi, amma qalmadı. Bu il isə artıq yetişib. Dadı tut dadıdır, görünüşcə meyvəsi çiyələyə oxşayır, ağacın yarpaqları isə yabanı xurmanı xatırladır”, – deyə Ramiz Cəfərov bildirib.
Ağacın diqqətçəkən xüsusiyyətlərindən biri də meyvələrinin payız fəslində yetişməsidir. Təsərrüfat sahibi qeyd edir ki, bu mövsümdə əsasən heyva, qaragilə və sitrus meyvələri kimi bitkilər bar verir. Çiyələk, alça, alma və gilas kimi meyvələrin yetişmə dövrü isə artıq başa çatır. Buna görə də bu ağacın payızda meyvə verməsi onun üçün də maraqlı və təəccüblüdür.
Ramiz Cəfərovun sözlərinə görə, ağaca qulluq əsasən tut ağacına qulluq kimidir. Yay aylarında suvarılması kifayət edir. Ağac kök saldıqdan və suya çatdıqdan sonra xüsusi qulluğa ciddi ehtiyac qalmır.
Müxbir- İlkin Adıyev