Aqrar sektorda süni zəka və yeni texnologiyalar məşğulluğu artıracaq VİDEO
Bakı, 16 noyabr, AZƏRTAC
Dünya İqtisadi Forumunun "Gələcəyin işləri – 2025" hesabatında 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsində qlobal miqyasda əlavə 35 milyon iş yerinin yaradılacağı proqnozlaşdırılır. Bu isə bir daha sübut edir ki, müasir texnologiyaların, o cümlədən süni zəkanın və yeni yanaşmaların tətbiqi aqrar sektorda əmək məhsuldarlığı ilə resursların səmərəli istifadəsinə təkan verməklə yanaşı, məşğulluğun artmasına da öz töhfəsini verəcək.
AZƏRTAC xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev "Milli Məşğulluq Forumu 2026" tədbirində çıxışı zamanı deyib. Onun sözlərinə görə, innovasiyaların və süni zəkanın tətbiqi aqrar sahədə, xüsusən fermer və istehsalçılar üçün qərarvermə prosesini sürətləndirəcək. Eyni zamanda, bu texnologiyalar əmək proseslərini avtomatlaşdırmaqla və iqlim təsirlərini minimuma endirməklə məhsuldarlığı və resurslardan səmərəli istifadəni artırmağa kömək edəcək.