Murat Kurum: Azərbaycan-Türkiyə qardaşlığı və strateji tərəfdaşlığı COP31-də bir daha nümayiş etdirildi - MÜSAHİBƏ VİDEO
Antalya, 16 noyabr, AZƏRTAC
COP31-in sədri, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum AZƏRTAC-a eksklüziv müsahibə verib.
Müsahibəni təqdim edirik.
-Türkiyənin COP31-ə ev sahibliyi etməsi ölkənin beynəlxalq iqlim diplomatiyasında üzərinə mühüm məsuliyyət götürməsi və yeni imkanlar əldə etməsi deməkdir. COP31-in Türkiyə üçün siyasi, diplomatik və ekoloji əhəmiyyətini necə qiymətləndirirsiniz? Bu sammit Türkiyənin qlobal iqlim siyasətindəki mövqeyinin möhkəmlənməsinə necə töhfə verəcək?
- İlk növbədə, qeyd etməliyəm ki, COP31-ə sədrliyi üzərimizə götürdüyümüz ilk gündən azərbaycanlı dost və qardaşlarımızla sıx əməkdaşlığa başladıq, səmərəli iş apardıq. Əminliklə deyə bilərəm ki, Azərbaycan komandası öz bilik və təcrübəsini COP31 prosesinə ötürdü. Bu əməkdaşlıq COP29-da qəbul edilən qərarların icrasını sürətləndirmək və əldə olunan nəticələri daha da inkişaf etdirmək baxımından mühüm əhəmiyyət daşıyırdı. Biz COP31-i sözlərin konkret əməli fəaliyyətə çevrildiyi bir konfrans kimi təşkil etməyi qarşıya məqsəd qoyduq. Dialoq, uzlaşma və fəaliyyət prinsiplərini əsas götürərək hər kəsi dinləmək, ortaq mövqeyə gəlmək və nəticələr əldə etmək istəyirik. Bu yanaşma əsasında Fəaliyyət Gündəliyini hazırladıq, hədəflər müəyyənləşdirdik və dünya ölkələrini həmin hədəflərin həyata keçirilməsinə dəvət etdik. Müzakirələr noyabrın 20-dək davam edəcək. Məqsədimiz Antalyada real qərarlar qəbul etmək, dəyişikliklərə nail olmaq, gələcəyə dair hədəf və baxışlarımızı birgə müəyyənləşdirməkdir. Hazırda yekun qərarlarla bağlı müzakirələr davam edir. Elektrikləşdirmə təşəbbüsü və irəli sürdüyümüz digər hədəflərlə bağlı ölkələrin mövqelərini dinləyirik. Ümid edirəm ki, COP31 çərçivəsində mühüm və müsbət nəticələr əldə edəcəyik.
- COP31-in əsas məqsədlərindən biri iqlim dəyişmələri ilə mübarizə çərçivəsində götürülən öhdəlikləri konkret fəaliyyətlərə və nəticələrə çevirməkdir. Siz də dəfələrlə bu sammitin “Fəaliyyət COP-u” olacağını vurğulamısınız. Bu məqsədə nail olmaq üçün hansı mexanizmlər və təşəbbüslər ön plana çıxır? Konfrans başa çatdıqdan sonra dünya ictimaiyyəti hansı konkret dəyişikliklərin şahidi olacaq?
-Fəaliyyət Gündəliyi ilə yanaşı, konkret hədəflərin müəyyənləşdirilməsinin vacibliyinə xüsusi diqqət çəkdik. Dayanıqlı şəhərlərdən metan emissiyalarının azaldılmasına qədər bir çox istiqaməti əhatə edən gündəliyi real nəticələrlə əlaqələndirmək istəyirik. Bu baxımdan əsas hədəflərimizdən biri 2035-ci ilədək qlobal elektrikləşmə səviyyəsini 35 faizə çatdırmaqdır. Məqsəd qalıq yanacaqlardan asılılığı azaltmaq və təmiz enerjiyə çıxışı genişləndirməkdir. Enerji təchizatının təhlükəsizliyi, ərzaq təminatı və ölkələrin öz imkanları hesabına özünü təmin edə bilmələri də gələcək üçün mühüm məsələlərdir. Əslində, biz qarşıdakı 50 ilin investisiya, istehsal və məşğulluq perspektivlərini müzakirə edirik. Bununla yanaşı, tullantıların 50 faiz azaldılması, məhsulların təkrar istifadəsi və istehsal-sənaye sektorunda təkrar emal olunan materialların payının 15 faizə çatdırılması hədəflərini müəyyənləşdirmişik. Artan enerji tələbatını nəzərə alaraq binalarda enerji intensivliyinin azaldılmasını da prioritet hesab edirik. Bu təşəbbüslərə maraq böyükdür. Hər bir ölkənin şəraiti və prioritetləri fərqli olsa da, əsas məqsəd heç kimin geridə qalmamasıdır. Dayanıqlı şəhərlərin qurulması da bizim üçün xüsusi əhəmiyyət daşıyır. Türkiyədə 6 fevral zəlzələlərindən sonra cəmi iki il ərzində 11 vilayətdə 455 min mənzilin tikintisi başa çatdırılaraq sakinlərə təhvil verilib.
“Burada bir məqamı xüsusi qeyd etmək istəyirəm. Həmin çətin gündə dostlarımızla birlikdə kədərləndik. Azərbaycanlı qardaşlarımız yanımızda oldular, o ağrını bizimlə bölüşdülər. Daha sonra genişmiqyaslı tikinti və bərpa səfərbərliyinə başladıq. Biz bunu “Əsrin inşası” adlandırdıq. Bu prosesdə də qardaşlarımız - Can Azərbaycan bizim yanımızda oldu. Bildiyiniz kimi, Kahramanmaraşda Azərbaycan məhəlləsi var. Bu məhəllənin inşasını dostlarımız və qardaşlarımız ilə birlikdə həyata keçirdik. Bu gün orada uşaqlar Heydər Əliyev adına ibtidai məktəbdə təhsil alır, öyrənir, gələcəyə ümidlə baxırlar. İnsanlar öz evlərində rahat və təhlükəsiz yaşayırlar. Qardaşlıq, dostluq bunu tələb edir. Çətin gündə sevdiklərinin yanında olmaq dostluğun əsas şərtidir. Azərbaycanlı qardaşlarımız da həmin ağır günlərdə bizim yanımızda oldular. Bu fürsətdən istifadə edərək göstərdiyi dəstəyə və nümayiş etdirdiyi qətiyyətə görə bütün Kahramanmaraş sakinləri və Türkiyədəki qardaşlarımız adından Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Türkiyə də hər zaman eyni yanaşma ilə Azərbaycanın yanında olub və bundan sonra da olacaq. Ağdamda kənd təsərrüfatı üzrə ixtisaslaşmış məktəbin inşası həyata keçirilir. Qarabağda da azərbaycanlı dostlarımızın və qardaşlarımızın yanında olduq. Bundan sonra da çətin günlərdə onların yanında olacağıq. Hesab edirəm ki, qardaşlıq münasibətlərinin tələbi məhz budur. Azərbaycan dövlətinə, xüsusilə Prezident İlham Əliyevə və bütün azərbaycanlı qardaşlarımıza bir daha dərin minnətdarlığımı bildirirəm”, - deyə nazir əlavə edib.
-Azərbaycan və Türkiyə beynəlxalq platformalarda, xüsusilə iqlim diplomatiyası sahəsində sıx əməkdaşlıq, qarşılıqlı həmrəylik nümayiş etdirir. Azərbaycanın COP29-a, Türkiyənin isə COP31-ə ev sahibliyi etməsi iki ölkə arasında bu əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradıb. COP31-ə hazırlıq prosesində Azərbaycanın COP29 təcrübəsindən necə faydalandınız? İki ölkənin bu sahədə əməkdaşlığının perspektivlərini necə qiymətləndirirsiniz?
-Bəli, bu istiqamətdə də birlikdə çalışdıq, birlikdə yol getdik və bundan sonra da yolumuza birlikdə davam edəcəyik. Azərbaycanlı qardaşlarımızın ortaya qoyduqları iradəni gücləndirəcək, bu qərarları əməli fəaliyyətə çevirmək qətiyyətini biz də COP31-də nümayiş etdirəcəyik. Burada çox mühüm bir məqam var: maliyyə ilə bağlı hədəf müəyyən edilib. “Bakının uğuru nədir?” deyə soruşsanız, məncə, ən böyük uğur məhz budur. Təşkilatçılıq yüksək səviyyədə idi, gələn qonaqlar çox gözəl qarşılandılar. Amma əsas məsələ konkret qərarın qəbul edilməsi idi ki, o da qəbul olundu. İndi isə biz həmin qərarların icrasını irəli aparmaq istəyirik. Bakıda və Belemdə qəbul edilən bütün qərarların üzərinə onların icrasını əlavə etmək niyyətindəyik. Çünki bu qərarların həyata keçirilməsi insanların, o cümlədən uşaqların həyatında, peşə təşkilatlarının fəaliyyətində, fermerlərin məhsul istehsalında və məhsuldarlıqda real dəyişikliklərlə özünü göstərməlidir. Biz də məhz bu nəticələrə nail olmaq üçün oradakı əməkdaşlığı davam etdirəcək, qəbul edilmiş qərarları həyata keçirəcək iradə ortaya qoyuruq.
-Azərbaycan-Türkiyə qardaşlığı və strateji tərəfdaşlığı beynəlxalq platformalarda da özünü aydın şəkildə göstərir. Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Günü münasibətilə Şuşada keçirdikləri görüşdə, eləcə də COP31 çərçivəsində verilən mesajlar iki ölkə arasındakı həmrəyliyi və ortaq mövqeyi bir daha nümayiş etdirdi. Bu baxımdan Azərbaycanın COP31-də yüksək səviyyədə iştirakını və iki ölkənin sammit çərçivəsində nümayiş etdirdiyi birliyi necə qiymətləndirirsiniz?
-Biz hər zaman deyirik ki, iki qardaş ölkəyik. Bayraqlarımız fərqli olsa da, baxışımız, mövqeyimiz və davranışımız eynidir, bundan sonra da belə olacaq. Bu münasibətlərin pozulmasına, qardaşlığımızın zəifləməsinə əsla imkan verməyəcəyik. Prezidentlərimizin ortaya qoyduqları iradə və qətiyyət qardaşlıq əlaqələrimizi daha da möhkəmləndirəcək. Bu fürsətdən istifadə edərək, noyabrın 8-də və 9-da qeyd olunan Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan xalqını təbrik edirəm. Biz hər fürsətdə Türkiyənin və Azərbaycanın mövqeyini, haqsızlıqlara qarşı prinsipial yanaşmasını ifadə edirik. Liderlərimizin çıxışlarında da bu mövqe öz əksini tapır. Dünyanın harasında məzlum varsa, harada köməyimizə ehtiyacı olan insanlar varsa, Türkiyə və Azərbaycan olaraq hər zaman onların yanında olmuşuq və bundan sonra da olacağıq.