BANM məzunlarının işə düzəlmə göstəricisi ölkə üzrə birinci yerdədir VİDEO
Bakı, 16 noyabr, AZƏRTAC
Diplom faktiki olaraq ali təhsili təsdiq edən sənəddir. Lakin diplomu əldə etdikdən sonra iş uğrunda mübarizə aparmaq lazımdır. Bu mübarizədə isə universitet tələbənin yanında olmalıdır.
AZƏRTAC xəbər verir ki, bunu Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov "Milli Məşğulluq Forumu 2026" çərçivəsində keçirilən "Müasir əmək bazarı: rəqəmsallaşma, innovativ təhsil və dayanıqlı məşğulluq" adlı panel sessiyada çıxışı zamanı deyib.
"Bakı Ali Neft Məktəbinin məzunlarının işə düzəlmə göstəricisi ölkə üzrə birinci yerdədir. Tələbə və məzunlarımızın sayı artdıqca görülən işlər də çoxalır. Biz sənayeyönümlü universitetik və biznes strukturları ilə uğurlu əməkdaşlıq edirik. İkinci əsas uğurumuz ondan ibarətdir ki, tələbələri birinci kursdan etibarən təcrübəyə göndəririk. Digər ali məktəblərdə təcrübə sonuncu kursda təşkil olunduğu halda, bizim tələbələr həmin mərhələdə artıq yarımştat (part-time) işləyirlər. Ona görə də təcrübə ən vacib məsələdir", - deyə rektor vurğulayıb.