Dövlət qeydiyyat nişanını saxtalaşdıran sürücünün narkotik vasitə aludəçisi olduğu aşkarlanıb VİDEO
Bakı, 16 noyabr, AZƏRTAC
Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının əməkdaşları narkotik maddənin təsiri altında avtomobil idarə edən daha bir şəxsi ifşa ediblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Şirvan şəhər sakini İ.Həsənovun idarə etdiyi “Chevrolet” markalı avtomobil cərimə borcu olduğu üçün Hacıqabul-Horadiz yolu üzərindəki stasionar posta saxlanılıb.
Araşdırma zamanı sürücülük hüququ məhdudlaşdırılan İ.Həsənovun avtomobilin dövlət qeydiyyat nişanlarını saxtalaşdırması məlum olub. Qeyri-adekvat hərəkətləri ilə şübhə doğuran İ.Həsənovun tibbi müayinədən keçməsi təmin edilib.
Müayinə zamanı İ.Həsənovun narkotik maddə qəbul etməsi müəyyən olunub və o, bu əməlini etiraf edib.
Faktla bağlı toplanan materiallar baxılması üçün məhkəməyə göndərilib və İ.Həsənov inzibati qaydada həbs olunub.
İdarə bir daha narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir.