Ramazan Erenoğlu: Universitetlər strateji planlarını iş dünyasının tələblərinə uyğun qurmalıdır VİDEO
Bakı, 16 noyabr, AZƏRTAC
Tələbələrin məzun olduqdan sonra əmək bazarında daha rahat fəaliyyət göstərmələri üçün əlavə bilik və bacarıqlar qazanmalarına da şərait yaratmalıyıq. Başqa sözlə, onlara əlavə üstünlük qazandıran sertifikat proqramları təqdim etməliyik.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin Onsəkkiz Mart Universitetinin rektoru Ramazan Erenoğu "Milli Məşğulluq Forumu 2026" tədbiri çərçivəsində keçirilən "Müasir əmək bazarı: rəqəmsallaşma, innovativ təhsil və dayanıqlı məşğulluq" adlı panel sessiyada çıxış edərkən deyib.
"Bu gün iş dünyasının müəyyən problemləri var. Buna görə də universitetlər olaraq, Ali Təhsil Şurasının təhsil və insan kapitalının hazırlanması istiqamətində müəyyən etdiyi hədəfləri nəzərə almalı, investisiya proqramlarımızı buna uyğun qurmalıyıq. Büdcəmizi və strateji planlarımızı da bu istiqamətdə formalaşdırmalıyıq. Artıq fəaliyyətə keçmək və qərarları sürətlə həyata keçirmək zamanıdır. Çünki zaman dəyişir, iş dünyası da bu dəyişikliklərə uyğun olaraq inkişaf edir. Bu baxımdan qəbul edilən qərarların, imzalanan sənədlərin və əldə olunan razılaşmaların real nəticələrə çevrilməsi vacibdir. Tərəflər arasında qarşılıqlı razılaşma olduqda səmərəlilik artır. Tələbələr təcrübə keçdikləri müəssisələrdə və ya müvafiq sahələrdə işlərini davam etdirmək imkanı əldə edirlər", - deyə rektor vurğulayıb.