Taleh Kazımov: Dollarlaşma səviyyəsi tarixi minimuma, Mərkəzi Bankın ehtiyatları isə maksimuma çatıb VİDEO
Bakı, 16 noyabr, AZƏRTAC
Valyuta bazarında həm nağd, həm də qeyri-nağd seqmentlərdə təklif tələbi əhəmiyyətli dərəcədə üstələyir. Vətəndaşların manata, eləcə də bank sektoruna inamı artmaqda davam edir.
AZƏRTAC xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəsi zamanı bildirib.
O qeyd edib ki, dollarlaşma səviyyəsi illik əsasda 3,3 faiz bəndi azalaraq 25,2 faizə düşüb. Bu isə tarixi minimum rəqəmdir. Ümumiyyətlə, 2021-ci ilin sonu ilə müqayisə etdikdə dollarlaşma səviyyəsi 15,4 faiz azalıb. Bununla belə, Mərkəzi Bankın ehtiyatları bu il 10 ayın nəticələrinə əsasən, 34 faiz, məbləğlə ifadədə 3,9 milyard ABŞ dolları artaraq 15,4 milyard ABŞ dolları səviyyəsinə yüksəlib. Bu da ölkəmizin tarixi maksimum səviyyəsidir.