Vüqar Gülməmmədov: 2027-ci ilin dövlət büdcəsi neft asılılığının azaldılmasında dönüş nöqtəsi olacaq VİDEO
Bakı, 16 noyabr, AZƏRTAC
Son illər ərzində istər sosial-iqtisadi, istərsə də dövlət maliyyəsi sahəsində aparılan islahatlar dövlətimizin iqtisadi qüdrətinin və dövlət maliyyə resurslarının davamlı olaraq artmasına xidmət edib. Hazırda bizə təqdim edilən 2027-ci ilin dövlət büdcəsinin layihəsi də ötən dövrün reallıqları və qarşıdakı dövrün çağırışları nəzərə alınmaqla hazırlanıb.
AZƏRTAC xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəsi zamanı bildirib.
Qarşıdakı ilin dövlət büdcəsi layihəsinin iki əsas xüsusiyyətlə seçildiyini qeyd edən Vüqar Gülməmmədov deyib: “Birincisi, ÜDM-in strukturu ilə bağlıdır. Proqnozlara əsasən, qeyri neft-qaz ÜDM-nin payının 77 faizdən çox olacağı nəzərdə tutulur ki, bu da bugünkü tarixə ən yüksək göstəricidir. İkinci xüsusiyyət, Dövlət büdcəsinin gəlirlərinin növbəti ildə struktur tərkibidir. Proqnozlara əsasən, növbəti ildə dövlət büdcəsi gəlirlərinin 60,6 faizini qeyri neft-qaz sektorundan daxilolmalar təşkil edəcək ki, bu da bugünkü tarixə ən yüksək həddir. 2027-ci il büdcəsini neft asılılığının azaldılmasında dönüş nöqtəsi və eyni zamanda, hərbi-sosial-investisiya xərclərinin optimal sintezi kimi xarakterizə etmək mümkündür”.