Nazir: Qarşıdakı dövr üçün makroiqtisadi proqnozlar konservativ yanaşma əsasında hazırlanıb VİDEO
Bakı, 16 noyabr, AZƏRTAC
Qarşıdakı dövr üçün makroiqtisadi proqnozlar qlobal qeyri-müəyyənlik nəzərə alınmaqla konservativ yanaşma əsasında hazırlanıb.
AZƏRTAC xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəsi zamanı bildirib.
Nazir qeyd edib ki, proqnozlarda büdcə siyasətində son illərdə həyata keçirilən fiskal optimallaşdırma prinsipi əsas götürülüb: “Bunlara - əsaslı xərclərin səmərəliliyinin artırılması, resurslardan qənaətlə istifadə və daha az xərclə daha yüksək nəticənin əldə edilməsi aid edilə bilər. Bu şərtlər daxilində 2027-ci ildə ÜDM-in 2,7 faiz artacağı gözlənilir. 2027–2030-cu illər üzrə orta illik iqtisadi artımın 3,3 faiz, qeyri-neft-qaz sektorunda isə 4,4 faiz olacağı proqnozlaşdırılır”.
“Bu dövrdə qeyri-neft-qaz sənayesində orta illik artımın 7 faizdən, informasiya və rabitədə 11 faizdən, turizmdə isə 8 faizdən yüksək, nəqliyyatda təqribən 5 faiz, kənd təsərrüfatında isə 2,8 faiz olacağı proqnozlaşdırılır. Qeyri-neft-qaz sektorunun ÜDM-də payının 2025-ci ildəki 71,5 faizdən 2030-cu ildə 82 faizə yüksəlməsi proqnozlaşdırılır”, - deyə o bildirib.
Foto – Aydın Məmmədov