Vüqar Gülməmmədov: Bütün büdcə prosesi vahid hüquqi sənəddə təsbit edilməlidir VİDEO
Bakı, 16 noyabr, AZƏRTAC
Ölkəmizdə “Büdcə sistemi haqqında” Qanunun yenilənməsi və müasir iqtisadi çağırışlara uyğunlaşdırılması ilə bağlı bizim tərəfimizdən və ayrı-ayrı deputatlar tərəfindən mütəmadi olaraq təkliflər irəli sürülür. Yenilənmə iqtisadi resursların daha səmərəli istifadəsini təmin etmək üçün vacibdir. Müasir dünya dövlət proqramlarının effektivliyini və dayanıqlı inkişaf məqsədlərini birbaşa qanunvericiliyə inteqrasiya edir.
AZƏRTAC xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəsi zamanı bildirib.
O qeyd edib ki, ölkəmizdə də bu sahədə islahatlara başlanılıb, lakin prosesin tam hüquqi status qazanması üçün Qanunun fundamental şəkildə yenilənməsinə ehtiyac var. “Hazırda büdcə münasibətləri fərqli hüquqi aktlarla tənzimlənir və praktikada bu aktlar arasında bəzən ziddiyyətlər yaranır. Bundan çıxış yolunu bütün büdcə prosesinin vahid hüquqi sənəddə təsbit edilməsində, başqa sözlə desək, – Büdcə Məcəlləsinin hazırlanmasında görürük”, - deyə V.Gülməmmədov əlavə edib.