Kənan Quluzadə: Bu ilin əsas fəlsəfəsi Şuşanın turizm imkanlarını dünyaya tanıtmaqdır VİDEO
Şuşa, 18 noyabr, AZƏRTAC
İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində 2026-cı il üzrə “Turizm paytaxtı” elan olunan Şuşada il ərzində həyata keçirilən tədbirlərə yekun vurulur. Missiyanın simvolik açarları növbəti turizm paytaxtı seçilən Pakistanın Lahor şəhərinə təqdim ediləcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Şuşada jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə deyib.
O bildirib ki, 2026-cı il ərzində bu münasibətlə bir sıra mühüm tədbirlər reallaşdırılıb. Bunların sırasında Şuşada turizm nazirlərinin və qurum rəhbərlərinin görüşü, kulinariya festivalı, eləcə də mədəniyyət və tarixi irslə bağlı proqramlar yer alıb.
Kənan Quluzadə qeyd edib ki, il boyu təşkilata üzv ölkələrdə Şuşanın tanıdılması istiqamətində geniş təbliğat işləri aparılıb, buklet və broşürlər hazırlanıb, infoturlar təşkil edilib. Həmin ölkələrin media və turizm sənayesi nümayəndələri Şuşaya dəvət olunaraq şəhərin potensialı ilə yaxından tanış ediliblər.
"Bu ilin əsas fəlsəfəsi ondan ibarətdir ki, biz Şuşanın turizm imkanlarını dünyaya daha geniş tanıdırıq. Unikal irsə malik şəhərimizin həm mədəniyyəti, həm də tarixi üzv ölkələr arasında tanıdılır və sevdirilir", – deyə Kənan Quluzadə vurğulayıb.
Müşavir əlavə edib ki, sərgi və digər proqramlarda iştirak edən xarici nümayəndələr Şuşanın füsunkar gözəlliyini, eləcə də “Turizm paytaxtı” ilinin səmərəliliyini xüsusi qeyd edirlər.
Beləliklə, Şuşanın İqtisadi Əməkdaşlıq Təşkilatının “Turizm paytaxtı” kimi birillik uğurlu fəaliyyəti başa çatır və bu simvolik estafet Pakistanın Lahor şəhərinə ötürülür.
Müxbir - Tahir Ağaməmmədov