İQTİSADİYYAT
Ağdamda məcburi köçkünlər üçün yeni qəsəbə inşa edilir
Ağdam, 4 yanvar (AZƏRTAC). Ağdam rayonunun İmamqulubəyli qəsəbəsi yaxınlığında məcburi köçkünlər üçün daha bir qəsəbə inşa edilir.
AZƏRTAC xəbər verir ki, birinci mərhələdə 632 evdən ibarət olacaq qəsəbənin inşası üçün 70 hektar torpaq sahəsi ayrılmışdır. Qəsəbədə birotaqlı 50, ikiotaqlı 296, üçotaqlı 242, dördotaqlı 44 ev, həmçinin 440 şagird yerlik məktəb binası, 150 yerlik uşaq bağçası, inzibati bina, klub icma mərkəzi, həkim məntəqəsi, poçt binası, tutumu 1000 kubmetr olan iki su anbarı, kompleks transformator yarımstansiyası tikiləcəkdir. Ərazidə yaşıllaşdırma işləri də aparılacaq, böyük park salınacaq, qəsəbə bütün əlavə infrastrukturla təmin olunacaqdır.
Hazırda mənzillərdə və ictimai binalarda hörgü işləri görülür. Qəsəbənin tikintisi ilə 10 şirkət məşğul olur. Tikintidə əsasən yerli sakinlər və məcburi köçkünlər olmaqla 700-ə yaxın işçi çalışır, 40-dan çox texnikanın gücündən istifadə edilir.
Qəsəbədə işlərin iyul ayında başa çatdırılması nəzərdə tutulur. Yeni qəsəbədəki mənzillərə rayonun “Dörd yol” ərazisində və yol kənarlarında məskunlaşmış məcburi köçkünlər köçürüləcəklər.