MƏDƏNİYYƏT
AzərTAc-ın xüsusi müxbirinin “Agenzia Stampa İtalia” xəbər agentliyinin saytında Azərbaycanın turizm potensialı ilə bağlı məqaləsi yerləşdirilmişdir VİDEO
Bakı, 25 yanvar (AZƏRTAC). AZƏRTAC-ın xüsusi müxbiri Maqsud Dadaşovun “Agenzia Stampa İtalia” xəbər agentliyinin saytında “Azərbaycan: qədimlik ilə müasirliyin qovuşduğu məkan.... Odlar Yurdunun turizm potensialı” sərlövhəli məqaləsi yerləşdirilmişdir.
Məqalədə son illər dünyada turizm sənayesində dinamik inkişafın müşahidə olunduğu vurğulanır. Bildirilir ki, Cənubi Qafqazın qədim və heyranedici diyarı olan Azərbaycanda bu sahə xüsusi diqqət mərkəzindədir. Bu ölkə hələ qədim dövrlərdən tarixi “İpək Yolu”nun üzərində yerləşən mühüm bir məkan olmuşdur.
Yazıda bildirilir ki, Azərbaycanda turizm sahəsinin inkişafı üçün yeni strategiya hazırlanmış, müvafiq istiqamətdə nailiyyətlər əldə etmək üçün prioritetlər müəyyənləşdirilmişdir. Son illərdə Azərbaycanda turizm sektorunda həyata keçirilən tədbirlərdən söhbət açan müəllif ölkəmizin bir sıra bölgələrində, o cümlədən Şəki, Quba, Şamaxı, Lənkəran, Lahıc və digər regionlarda turistlərə informasiyaların çatdırılması məqsədilə turizm informasiya mərkəzlərinin fəaliyyətə başladığını diqqətə çatdırır. Həmçinin Azərbaycan 2001-ci ildən etibarən üzvü olduğu Dünya Turizm Təşkilatının bir çox tədbirlərində fəal iştirak edir.
Məqalədə 2011-ci ilin Prezident İlham Əliyev tərəfindən Azərbaycanda “Turizm ili” elan olunması çərçivəsində bu sektorun daha da inkişaf etdirilməsi üçün mühüm işlərin görüldüyü qeyd olunur. Bildirilir ki, həyata keçirilən tədbirlər nəticəsində dünyanın müxtəlif ölkələrindən Azərbaycana gələn turistlərin istirahəti üçün hər cür şərait yaradılmışdır. Belə ki, “Turizm ili”ndə ölkəmizdə dünya brendi olan beşulduzlu altı otel istifadəyə verilmişdir. Həmin ildə Azərbaycana səfər edənlərin sayı 2 milyon 240 minə çatmışdır.
Azərbaycanda qış turizminin inkişafı baxımından mühüm layihələrdən biri olan “Şahdağ” Qış-Yay Turizm Kompleksi haqqında da məlumat verən müəllif qeyd etmişdir ki, Qusar rayonunun mərkəzindən 32 kilometr məsafədə Şahdağ Milli Parkının ərazisində yerləşən kompleksin tikintisi 2009-cu ilin sentyabrında başlamışdır. Bu layihənin reallaşması Azərbaycanda dağ-xizək və digər qış idman növlərinin inkişafı üçün hərtərəfli imkanlar açır.
Yazıda, həmçinin Azərbaycanın dünyanın müxtəlif ölkələri ilə turizm əlaqələrinə də toxunulmuşdur. Diqqətə çatdırılmışdır ki, bir sıra Avropa ölkələri, o cümlədən İtaliya ilə müvafiq sektorda sıx münasibətlər qurmaq ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. Ötən ilin noyabrında Romada keçirilən Azərbaycan-İtaliya turizm forumu iki ölkə arasında turizm əməkdaşlığını genişləndirmək baxımından önəmli addım idi.
Azərbaycandan İtaliyaya və əks istiqamətdə səfər edən turistlərin sayının ilbəil artması məqalədə xüsusi qeyd olunur. Vurğulanır ki, ölkəmizin turizm potensialını təbliğ etmək, italyan xalqını Odlar Yurdunun tarixi və mədəniyyəti ilə bağlı daha çox məlumatlandırmaq məqsədilə bir sıra layihələr həyata keçirilməkdədir. Məqalənin tam mətni ilə aşağıdakı linkdə tanış olmaq mümkündür: