DÜNYA
Türkiyədə bələdiyyə seçkiləri: səslərin sayılması başa çatır VİDEO
Bakı, 31 mart (AZƏRTAC). Türkiyədə martın 30-da keçirilmiş bələdiyyə seçkilərində hakim Ədalət və İnkişaf Partiyasının böyük üstünlüklə öndə olduğu bildirilir.
AZƏRTAC NTV (Türkiyə) telekanalına istinadla xəbər verir ki, yerli vaxtla saat 9:30-a olan məlumata görə, ölkə üzrə səslərin 98 faizi sayılmışdır. Mübarizə əsasən üç partiya arasında getmişdir. Səslər partiyalar arasında belə bölünür: Ədalət və İnkişaf Partiyası (AKP) 45,6 faiz, Cumhuriyyət Xalq Partiyası (CHP) 28,0 faiz, Milliyyətçi Hərəkat Partiyası (MHP) 15,3 faiz.
Ölkənin böyük şəhərlərinin əksəriyyətində də üstünlük hakim partiyanın tərəfindədir. İlkin nəticələrə görə, İstanbulda AKP-nin təmsilçisi Kadır Toppaş səslərin 48 faizini qazanaraq ən yaxın rəqibini 8 faiz qabaqlayır. Paytaxt Ankarada isə mübarizə daha gərgin keçmişdir. Burada hakim partiyanın namizədi Melih Kökcek təxminən 1 faiz səslə irəlidədir. Səslərin hesablanması davam edir.
Seçkilərdə yüksək fəallıq qeydə alınmışdır. Seçicilərin 83 faizinin səsvermədə iştirak etdiyi bildirilir.