CƏMİYYƏT
Səyyar “ASAN xidmət” Beyləqanda VİDEO
Bakı, 5 iyul (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən, “ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş avtobuslar səyyar formada regionlarda əhaliyə xidmətlər göstərməkdə davam edirlər.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirmişlər ki, iyulun 7 – dən başlayaraq Beyləqan, İmişli, Füzuli rayonlarının 330000-dən artıq sakini səyyar “ASAN xidmət”dən Beyləqan rayonunda yararlana biləcəkdir. Bu proses iyulun 19-dək davam edəcəkdir
Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Bu xidmətlərə notariat fəaliyyəti, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, torpaq kadastrı məlumatları barədə arayışların verilməsi, əmək pensiyalarının təyin edilməsi, yaşayış evləri (mənzilləri) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi daxildir.
Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.
Ümumiyyətlə, 2014-cü ilin dekabr ayınadək səyyar “ASAN xidmət” vasitəsilə 35 məntəqədə 41 rayonun sakinlərinə müvafiq xidmətlərin həyata keçirilməsi nəzərdə tutulur.