İQTİSADİYYAT
Sərnişinlərə xidmətdə qüsurlara yol verən sahibkarlar ictimai nəqliyyatdan uzaqlaşdırılacaq VİDEO
Bakı, 7 avqust (AZƏRTAC). Paytaxtın ictimai nəqliyyatında kart-ödəniş sisteminin tətbiqi sahibkarlar üçün də əlverişlidir. Çünki sistem tam şəffaf və sərfəlidir.
Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov AZƏRTAC-a müsahibəsində bildirib ki, kart-ödəniş sisteminin tətbiqi daşıyıcıların gəlirlərinə müsbət təsir göstərəcək. Əgər mövcud qiymət sahibkarı qane etmirsə, marşrutdan imtina edə bilər. Sərnişinlərə yüksək səviyyədə xidmət göstərən şirkətlər var. Onların marşrut xətlərində qəza halları da az olur. Xidmətdə qüsurlara yol verən sahibkarlar tədricən bu sahədən uzaqlaşdırılacaq. İctimai nəqliyyat sektorunda məhz rəqabətə davam gətirə bilənlər fəaliyyət göstərəcək.
İctimai nəqliyyatda qiymət artımı ilə bağlı məsələyə toxunan N.Həsənov qeyd edib ki, bununla əlaqədar ötən il Tarif Şurasına müraciət olunmuşdu. Ancaq qiymət artımı məqbul sayılmadı. Hazırda bu məsələ gündəmdə deyil.
Nəqliyyat Nazirliyi ictimai nəqliyyatda islahatlara başlayanda bu sahədə 210-dək sahibkar fəaliyyət göstərirdi. İslahatların gedişində onların sayı azaldıldı. Bu barədə məlumat verən nazirliyin mətbuat katibi hazırda paytaxtda 174-ə yaxın marşrutda 30-35 daşıyıcının fəaliyyət göstərdiyini bildirib.