MƏDƏNİYYƏT
Madriddə “Azərbaycan səmasında” filminin nümayişi olub VİDEO
Filmin nümayişində İspaniyada fəaliyyət göstərən diplomatik korpus rəhbərlərinin xanımları və əməkdaşları iştirak ediblər.
Film İspaniyada 30-cü illərdə vətəndaş müharibəsində respublikaçılar tərəfində vuruşan 15 ispan hərbi pilotunun mürəkkəb və qeyri-adi taleyindən bəhs edir. Respublikaçıların bu müharibədəki məğlubiyyətindən sonra, pilotlar Azərbaycanda məskən salmış, təhsil aldıqları Gəncə tədris bazasında sovet hərbi təyyarəçilərinin hazırlanmasında təlimatçı kimi fəaliyyət göstərmişlər. Bu pilotlar Qafqazın səmalarında Azərbaycanın hüdudlarını və xüsusən Bakının neft mədənləri və qurğularını qəhrəmancasına döyüşərək müdafiə ediblər. Göstərdikləri qəhrəmanlıqlara görə Gəncədə onların şərəfinə abidə ucalıb.
Filmin ssenarisi arxiv materialları, canlı müsahibələr əsasında tərtib edilib. Hadisələrin canlı şahidlərindən olan yeganə sağ qalmış pilotun müsahibəsi filmin əsas qayəsini təşkil edir.
İspan və Azərbaycan xalqlarını bağlayan bu tarixi epizoddan istifadə edən müəlliflər müasir Azərbaycanı da geniş ispan ictimaiyyətinə təqdim etmək istəyirlər.
Xatırladaq ki, filmin Barselonada da nümayişi olub.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid, İspaniya