SİYASƏT
Bakının Səbail və Nyu-Yorkun Bruklin rayonları arasında dostluq və əməkdaşlıq haqqında protokol imzalanıb VİDEO
Nyu-York, 20 noyabr, Yusif Babanlı, AZƏRTAC
ABŞ-da səfərdə olan Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun başçılıq etdiyi nümayəndə heyəti Nyu-York şəhər Bruklin rayonunun yerli hakimiyyət rəhbəri Erik Adamsla görüşüb.
Görüşdə Azərbaycanın ABŞ-dakı səfirliyinin əməkdaşları və Bruklindəki Azərbaycan icmasının fəal nümayəndəsi Mariyetta Rozental da iştirak ediblər.
Söhbət zamanı Erik Adams 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsini izləmək məqsədilə Azərbaycana səfər etdiyini və Bakının onun yaddaşında çox zəngin təəssüratlarla qaldığını bildirib.
Ölkəmizin son illər bütün sahələrdə sürətli inkişafından və uğurlarından xəbərdar olduğunu vurğulayan E.Adams, Bruklin ilə Səbayıl rayonları arasında işgüzar münasibətlərin qurulmasının tərəflər arasında əlaqələrin daha da intensivləşməsinə, xüsusilə də mədəniyyət və turizm sahələrində qarşılıqlı təcrübə mübadiləsinə, eləcə də xalqlarımız arasında təmaslara təkan verəcəyinə əminliyini ifadə edib.
Asif Əsgərov müstəqilliyimizin bərpasından sonra xalqımızın ümummilli lideri Heydər Əliyev və Prezident İlham Əliyevin həyata keçirdikləri müdrik siyasət nəticəsində Azərbaycanın böyük inkişaf yolu keçdiyini, xüsusilə son illər ərzində ölkəmizdə bir sıra irimiqyaslı beynəlxalq tədbirlərin təşkil olunduğunu bildirib. O, ilk Avropa Olimpiya oyunlarının 2015-ci ildə Bakıda keçiriləcəyini vurğulayıb və həmsöhbətini bu tədbirə dəvət edib.
Bununla yanaşı, tədbir iştirakçılarına Səbail rayonu və rayonda aparılan quruculuq işləri barədə məlumat verilib.
Ölkəmizin Vaşinqtondakı səfirliyinin müşaviri Məmməd Talıbov Azərbaycan ilə ABŞ arasındakı strateji tərəfdaşlıq barədə məlumat verib. Qeyd edib ki, bir müddət öncə “Azərbaycan Hava Yolları” tərəfindən həyata keçirilən Bakı - Nyu-York birbaşa uçuşları həm Azərbaycanın ümumi inkişafının, həm də ölkələrimiz arasında münasibətlərin müsbət dinamikasının göstəricisidir.
M.Talıbov ölkəmizin zəngin demokratik dövlətçilik ənənələrinə malik olduğunu və Şərqdə ilk demokratik respublikanın məhz Azərbaycanda yarandığını diqqətə çatdırıb.
Ölkəmizin, zəngin tolerant ənənələrini vurğulayan diplomat, ABŞ-da olduğu kimi Azərbaycanda da çoxsaylı etnik qrup və dini icmaların əsrlər boyu sülh və əmin-amanlıq şəraitində yaşadığını bildirib.
Görüşdən sonra Bruklin rayonu ilə Səbail rayonu arasında dostluq və əməkdaşlıq haqqında protokol imzalanıb.
Daha sonra yerli Azərbaycan icmasının yaratdığı “My Way” mədəni inkişaf mərkəzinin yetirmələri milli rəqslərimizdən ibarət mədəni proqram nümayiş etdiriblər.
Mədəni hissənin sonunda çıxış edən Mariyetta Rozental Bruklin rayonu Administrasiyası, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və respublikamızın ABŞ-dakı səfirliyinə bu tədbirin təşkilinə görə xüsusi minnətdarlığını bildirib.
Həmin gün yerli Azərbaycan icması tərəfindən ölkəmizin nümayəndə heyətinin şərəfinə ziyafət verilib. Ziyafətə Bruklin rayonu yerli hakimiyyəti rəhbəri Erik Adams iştirak edib.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton