SİYASƏT
İtaliya-Azərbaycan. Gələcəyə doğru birlikdə VİDEO
Roma, 12 dekabr, AZƏRTAC
Romada Azərbaycanın İtaliyadakı səfirliyinin təşkilatçılığı ilə “İtaliya-Azərbaycan. Gələcəyə doğru birlikdə” mövzusunda birinci illik konfrans keçirilib.
Konfransda son illər ərzində təsis edilmiş, Azərbaycan-İtaliya əlaqələrinin təşviqi ilə məşğul olan bir sıra qurumların nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevin də iştirak etdiyi konfransın məqsədi ölkələrimiz arasındakı əlaqələrin daha da inkişaf etməsinə öz töhfələrini verən italiyalı elm xadimləri, tədqiqatçılar, iş adamları, jurnalistlər və müxtəlif sahələrdə çalışanları bir araya gətirərək, onları gələcəkdə də müvafiq istiqamətdə səmərəli fəaliyyət göstərmələri üçün birləşdirmək olub.
Tədbiri açan Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov əlaqələrimizin sürətlə və davamlı əsaslarla inkişaf etməsinə töhfə verənlərin bir araya gəlmələrindən məmnunluğunu bildirib. Qeyd edib ki, cari ilin iyulunda Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfəri bu münasibətləri daha da yüksək pilləyə qaldırdı. Səfər çərçivəsində keçirilmiş görüşlər, imzalanan sənədlər, o cümlədən İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə əlaqələrimizin daha da genişlənməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Səfir vurğulayıb ki, Azərbaycan İtaliya ilə bütün sahələrdə əlaqələrini yüksək əməkdaşlıq səviyyəsinə çatdırmaqda maraqlıdır. Siyasi, iqtisadi, elmi və mədəni sahələrdə münasibətlərimizin genişləndirilməsində Azərbaycanda və İtaliyada təşkil olunmuş tədbirlərin rolu böyükdür.
İtaliyanın Azərbaycanın birinci ticarət tərəfdaşı olduğunu deyən V.Sadıqov bildirib ki, iki ölkə arasında enerji sahəsində əlaqələr xüsusilə ön plandadır. TAP layihəsinin reallaşması ilə Azərbaycan Avropanı qazla təmin edəcək əsas aktorlardan birinə çevriləcək. O deyib: “Növbəti ildə də yeni tədbirlər və birgə layihələr bizi gözləyir. Bu baxımdan “Milan Expo 2015” beynəlxalq sərgisində Azərbaycanın iştirakını, ölkəmizdə keçiriləcək ilk Avropa Oyunlarını xüsusi vurğulamaq lazımdır”.
Sonra İtaliya Senatının üzvü, İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Sercio Divina çıxış edərək Azərbaycandakı yüksək tolerantlıq mühitinin şəxsən şahidi olduğunu bildirib. Qeyd edib ki, bu ölkə İslam və Avropa ənənələrinin kök saldığı, eyni zamanda, dünyəvi və tolerant bir dövlətdir. İkitərəfli əlaqələrimizdən danışan İtaliya Senatının üzvü vurğulayıb ki, ölkəsi üçün Azərbaycan ilə iqtisadi əməkdaşlığı genişləndirmək mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan ilə İtaliya arasında uzun tarixi dövr ərzində formalaşmış dostluq əlaqələrinin olduğunu deyən La Sapienza Universitetinin prorektoru, professor Antonello Biagini diqqətə çatdırıb ki, zaman keçdikcə bu münasibətlər müsbət istiqamətdə daha da inkişaf edib. İtaliya hər zaman Azərbaycanın müstəqilliyini və suverenliyini dəstəkləyib. İtaliyada ölkələrimiz arasındakı əlaqələrin dərinləşməsinə xidmət edən bir sıra tədqiqat mərkəzlərinin və elmi assosiasiyaların fəaliyyətini yüksək qiymətləndirən A.Biagini bu cür qurumların sayının artırılmasının vacibliyini vurğulayıb.
İtaliya-Azərbaycan Ticarət İnstitutunun (İTAZERCOM) prezidenti Manuela Traldi çıxış edərək rəhbərlik etdiyi qurumun yaranma tarixindən və iki ölkə arasında ticarət sahəsində əlaqələrin inkişafındakı rolundan danışıb. Vurğulayıb ki, 2012-ci ildə təsis olunmuş İTAZERCOM Azərbaycanın İtaliyada tanıdılması istiqamətində fəaliyyət göstərərək, yerli institutlarla əlaqələr qurur və birgə layihələr həyata keçirir. Azərbaycanda italiyalı sahibkarlar üçün əlverişli şəraitin mövcud olduğunu deyən M.Traldi diqqətə çatdırıb ki, bu ölkə İtaliya şirkətlərinin maraq mərkəzindədir.
Azərbaycan və Qafqaz üzrə Gənc İtalyan Tədqiqatçılar Assosiasiyasının (ASSAC) prezidenti, professor Daniel Pommier ölkələrimizin bir çox sahələrdə uğurlu əməkdaşlığından bəhs edib. Bildirib ki, italiyalı gənc tədqiqatçılar bu Assosiasiya vasitəsilə öz fəaliyyətlərini uğurlu şəkildə reallaşdırırlar. İtaliyada Qafqazı, o cümlədən Azərbaycanı təbliğ etmək və tədqiqatçılar arasında şəbəkə yaratmaq məqsədi ilə yaradılan ASSAC qısa müddətdə bir sıra uğurlara imza atıb. Son dövrlərdə Qafqaz regionuna dair araşdırmalar geniş vüsət alıb, italiyalı tədqiqatçılar bu bölgəyə böyük maraq göstərirlər.
Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının prezidenti Manuella Sessa qeyd edib ki, rəhbərlik etdiyi qurum iki ölkənin gəncləri arasında dialoqun qurulmasına töhfə verməkdədir. Bu gün sürətlə inkişaf edən Azərbaycan-İtaliya əlaqələri gənclərimizin qarşılıqlı faydalana biləcəyi birgə layihələr reallaşdırmağa imkan yaradır. Azərbaycanda gənclər siyasəti uğurla həyata keçirilir. Bakıda təşkil olunmuş Gənclər siyasəti üzrə 1-ci Qlobal Forum bunun bariz nümunəsidir. Ölkədə gənclər ictimai həyatın bütün sahələrində fəal iştirak edirlər. Gəncə şəhərinin 2016-cı il üçün “Avropa gənclər paytaxtı” seçildiyini deyən M.Sessa bunu Azərbaycanda uğurla həyata keçirilən gənclər siyasətinə verilən yüksək qiymətin təzahürü kimi qiymətləndirib.
İtaliyanın Trentino-Alto Adige muxtar vilayətindəki Azərbaycan Tədqiqatları Mərkəzinin rəhbəri, professor Fernando Orlandi, Roma Tre Universitetinin professoru Marko Valigi və Romadakı katolik icmanın daxilində Azərbaycanın fəal təbliğatçısı, jurnalist Luciano Fantini çıxış edərək ölkəmizə İtaliyada təkcə rəsmi dairələr, tədqiqatçılar və jurnalistlər tərəfindən deyil, ümumilikdə İtaliya xalqı tərəfindən hörmətlə yanaşıldığını bildiriblər. Diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondun dəstəyi ilə Roma katakombalarının bərpası, Romadakı Kapitolini Muzeyinin “Filosoflar zalı”nda aparılmış təmir işləri və İtaliyada mədəni irsin qorunması istiqamətində həyata keçirilən digər tədbirlər təqdirəlayiqdir.
Sonda Azərbaycan-İtaliya münasibətlərinin genişləndirilməsində fəallıq göstərən konfrans iştirakçılarına səfirliyin təşəkkür sertifikatları təqdim olunub.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma