REGİONLAR
Fitosanitar sabitliyin qorunub saxlanılması prioritet məsələdir VİDEO
Quba, 24 dekabr, Elxan Yusifli, AZƏRTAC
Dekabrın 24-də Quba şəhərindəki Heydər Əliyev Mərkəzində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin təşkilatçılığı ilə regional elmi-praktik seminar öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, “Ekoloji təhlükəsiz pestisidlərin və bioloji preparatların tətbiqinin genişləndirilməsi, elmi əsaslandırılmış antirezistent mübarizə sxemlərinin qurulması hesabına zərərli orqanizmlərdə pestisidlərə qarşı davamlılıq probleminin aradan qaldırılması yolu ilə kimyəvi preparatların səmərəliliyinin yüksəldilməsi” mövzusunu əhatə edən seminar iki gün davam edəcək.
Regional elmi-praktik seminarda müvafiq elmi-tədqiqat institutlarının mütəxəssisləri, fermerlər, torpaq mülkiyyətçiləri, pestisidlərin satışı və tətbiqi üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər iştirak edirlər.
Tədbirdə çıxış edən Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev bildirib ki, seminarın əsas məqsədi bitkiçilik məhsullarının kəmiyyət və keyfiyyət göstəricilərinin yaxşılaşdırılması, ətraf mühitin və insan sağlamlığının qorunması, respublika ərazisində fitosanitar vəziyyətin idarə edilməsi mexanizminin təkmilləşdirilməsi və fitosanitar sabitliyin qorunub saxlanılmasıdır.
Regional elmi-praktik seminarın gedişində “Kənd təsərrüfatında fitosanitar tədbirlərin həyata keçirilməsinin elmi-praktik istiqamətləri”, “Respublika ərazisində Amerika ağ kəpənəyinin (Hyphantria cunea Drury) yayılmasının qarşısının alınması və yayılma ocaqlarının məhv edilməsi üzrə milli fitosanitar məhdudlaşdırıcı və ləğvedici tədbirlər planının təqdimatı”, “Bioloji mübarizə üsulunun geniş tətbiqinə nail olmaqla bitki mühafizəsi tədbirlərinin iqtisadi və sosial səmərəsinin yüksəldilməsi”, “Pestisidlərdən istifadə zamanı təhlükəsizlik tədbirləri” və digər mövzularda məruzələr dinləniləcək.
Seminara dekabrın 25-də yekun vurulacaq.