REGİONLAR
YAP sıralarına yeni qoşulan gənclərə üzvlük vəsiqələri təqdim edilib VİDEO
Quba, 21 noyabr, Elxan Yusifli, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatı fəaliyyətində qarşıya qoyulan məsələlərin həlli, partiya sıralarında gənclərin sayının artırılması istiqamətində səylə çalışır. 2015-ci ildə rayonda partiya sıralarına 400 nəfərdən çox üzv qəbul olunub. Ümumilikdə YAP Quba rayon təşkilatının tərkibindəki 7 minə yaxın partiya üzvündən təxminən 2 mini gənclərdir.
AZƏRTAC xəbər verir ki, bu barədə Yeni Azərbaycan Partiyasının yaranmasının 23 illiyi münasibətilə YAP Quba rayon təşkilatında keçirilən yığıncaqda məlumat verilib.
Konfransda YAP rayon təşkilatının sədri Ədalət Nəbiyev Azərbaycanın lider partiyasının yaranmasının ölkəmizin müasir siyasi tarixində mühüm hadisə olduğunu vurğulayıb. Bildirilib ki, müasir Azərbaycanın qurucusu Heydər Əliyev müstəqilliyimizin möhkəmlənməsində, ictimai-siyasi sabitliyin qorunmasında, respublikamızın dinamik inkişafının təmin edilməsində əvəzsiz rol oynayıb. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi yüksəlişə nail olan Azərbaycan müasir və inkişaf etmiş dövlətə çevrilib.
Tədbirdə YAP-ın 23 illik fəaliyyəti dövründə Azərbaycanın müstəqil, demokratik, sivil dövlət kimi möhkəmləndirilməsində, vətəndaş cəmiyyəti quruculuğunda fəal siyasi rol oynadığı diqqətə çatdırılıb.
Yığıncaqda iqtidar partiyasının fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.
Konfransın sonunda partiya sıralarına yeni qəbul olunan gənclərə üzvlük vəsiqələri təqdim olunub.