REGİONLAR
ABŞ-IN BEYNƏLXALQ İNKİŞAF AGENTLİYİ AZƏRBAYCANIN AQRAR SAHƏSİNƏ TEXNİKİ YARDIMI DAVAM ETDİRƏCƏKDİR
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, yanvarın 8-də nazir İsmət Abasov ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Avropa və Avrasiya bürosunun inzibati məsələlər üzrə rəhbərinin köməkçisi, ABŞ-Azərbaycan İqtisadi Əməkdaşlıq Komissiyasının (AAİƏK) həmsədri Duqlas Menarçiklə görüşmüşdür.
Görüşdə USAİD tərəfindən Azərbaycanda həyata keçirilən proqram və layihələri yüksək qiymətləndirən İsmət Abasov Prezident İlham Əliyevin qeyri-neft sektorunun, o cümlədən regionların sosial-iqtisadi inkişafına xüsusi diqqət yetirdiyini nəzərə çatdırmışdır.
Nazir USAİD-in aqrar sahədəki təcrübəsindən bundan sonra da istifadə edilməsinin və əlaqələrin daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırmış, kənd təsərrüfatının inkişafı üçün investisiya qoyuluşuna əlverişli şəraitin olduğunu vurğulamışdır. İ.Abasov nazirlik tərəfindən hazırlanmış “Azərbaycan Respublikasının aqrar sənaye kompleksinin inkişaf strategiyası layihəsi”nə USAİD-in mütəxəssislərinin də rəylərini bildirməsini tövsiyə etmişdir.
ABŞ-Azərbaycan İqtisadi Əməkdaşlıq Komissiyasının 2-ci iclasının cari ilin fevralında Vaşinqtonda keçiriləcəyini diqqətə çatdıran Duqlas Menarçik USAİD-in Azərbaycanda fəaliyyət göstərən texniki ekspertlərinin sayının artırılmasının mümkünlüyünü söyləmiş, gələcəkdə qurumla birgə maliyyələşdirilən proqram və layihələrin həyata keçirilməsini təklif etmişdir. O, Azərbaycanda aqrar sahənin inkişafı üçün münbit şərait və yüksək potensialın olduğunu nəzərə çatdırmış və USAİD tərəfindən bu sahəyə texniki yardımın bundan sonra da göstəriləcəyini vurğulamışdır.