DÜNYA
ABŞ İRANA TƏZYİQİ GÜCLƏNDİRİR
Raysın sözlərinə görə, Rusiyanın təklif etdiyi kompromisli plan Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) rəhbərliyinin fevralın 2-nə nəzərdə tutulan növbədənkənar iclası ərəfəsində İran hökumətinin həyata keçirməyə çalışdığı süründürməçilik taktikasından başqa bir şey deyildir.
Tehran Vaşinqtonun belə bir ittihamını rədd edir ki, guya İranın nüvə mütəxəssisləri kütləvi qırğın silahı yaradılması üzərində işləyirlər.
Dövlət Departamentinin başçısı vurğulamışdır ki, “İslam Respublikası onun məsələsinin BMT Təhlükəsizlik Şurasına verilməməsi üçün diqqəti yayındırmağa çalışır. Onlara bunu etməyə imkan verilməməlidir. Təhlükəsizlik Şurasından kənarda söhbətlər vaxtı artıq keçmişdir”.
BAEA direktorları fevralın 2-də Vyanada görüşərək, “İran dosyesi”nin BMT TŞ-yə verilib-verilməməsi məsələsini həll etməlidirlər. Belə qərar çıxarılarsa, onda Təhlükəsizlik Şurası İranın nüvə obyektlərində inspeksiya rejiminin sərtləşdirilməsindən tutmuş ona qarşı genişmiqyaslı siyasi və iqtisadi sanksiyalar tətbiq edilməsinədək Tehrana təzyiq üçün böyük imkanlara malik olacaqdır.
Lakin BMT-nin Baş katibi Kofi Annan anlatmışdır ki, BAEA-nın İran mövzusuna dair növbəti məruzəsi martadək hazır olmaya bilər. Bundan başqa, Təhlükəsizlik Şurasının daimi üzvləri – Böyük Britaniya, Çin, Rusiya, ABŞ və Fransa arasında bu məsələdə yekdillik yoxdur.