DÜNYA


ABŞ İrana qarşı yeni sanksiyaların detallarını açıqlayıb

Bakı, 5 noyabr, AZƏRTAC

ABŞ-ın İrana qarşı sanksiyalarının ikinci mərhələsi rəsmən qüvvəyə minib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə noyabrın 5-də ABŞ-ın dövlət katibi Mayk Pompeo və Birləşmiş Ştatların maliyyə naziri Stiven Mnuçin keçirdikləri mətbuat konfransında deyiblər.

Bildirilib ki, sanksiyalar çərçivəsində İrandan neft idxalını əhəmiyyətli dərəcədə azaldan, 8 ölkəyə müvəqqəti güzəşt tətbiq olunacaq. Türkiyənin də daxil olduğu həmin 8 ölkə Çin, Hindistan, Koreya Respublikası, İtaliya, Yunanıstan, Yaponiya və Tayvandır.

Həmçinin bu gündən qüvvədə olan sanksiyalar üzrə İranın daha 50 bankı və 700-dən çox iranlı sanksiya siyahısına əlavə edilib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp mayın 8-də ölkəsinin nüvə razılaşmasından birtərəfli çıxdıqdan sonra İrana qarşı sanksiyalar tətbiq edəcəyini açıqlamışdı. Bundan sonra ABŞ Maliyyə Nazirliyi Birləşmiş Ştatların İrana qarşı sanksiyalarının 90 və 180 günlük ara ilə iki mərhələdən ibarət olacağını bildirmişdi. 90 gündən sonra ilk sanksiya paketi avqustun 7-də qüvvəyə minib. 180 gündən sonra, yəni noyabrın 5-dən ikinci sanksiya paketi tətbiq olunmağa başlayıb.

Birləşmiş Ştatlar avqustun 7-də rəsmi Tehrana tətbiq etdiyi sanksiyaların ilk mərhələsi çərçivəsində İran hökumətinin ABŞ dolları, qızıl və qiymətli metallarla ticarət həyata keçirməsi qadağan edilib. İranın polad, kömür, alüminium ticarəti və nəqliyyat sektoruna sanksiyalar tətbiq olunub, rəsmi Tehranın qarşı aviasiya sanksiyaları yenidən qüvvəyə minib, eləcə də İranın sərnişin təyyarələri və layner hissələri idxalı məhdudlaşdırılıb. Ölkənin milli valyutası tümən vasitəsilə xaricdə aparılan əməliyyatlara məhdudiyyətlər qoyulub. Həmçinin İran istehsalı xalçalar və yeyinti məhsullarının ABŞ-a ixracı qadağan edilib. İranın xarici borcuna yardımlar edilməsi və satın alınması qadağan olunub.

Bu gündən qüvvədə olan sanksiyaların ikinci mərhələsi isə 6 maddədən ibarətdir. Birinci maddə İranın liman operatorları, yük və gəmiqayırma sektorunu əhatə edir. Sanksiyalar İran İslam Respublikasının Gəmiçilik Xətləri (IRISL Group), Cənub Gəmiçilik Xətti şirkətləri və digər əlaqədar təşkilatlara tətbiq ediləcək. İkinci maddə isə neftlə bağlı əməliyyatları nəzərdə tutur. Sanksiyalar İran Milli Neft Şirkəti (NIOC) və Milli Tanker Şirkəti (NITC) daxil olmaqla İrandan neft, neft məhsulları və neft-kimya məhsullarının satışına beynəlxalq məhdudiyyətləri əhatə edir. Digər maddə İranın maliyyə sektorunu hədəf alıb. Sanksiyaların məqsədi xarici maliyyə qurumlarının İran Mərkəzi Bankı və bəzi maliyyə təşkilatları ilə əməliyyatlarını məhdudlaşdırmaqdır. Dördüncü maddə də İran Mərkəzi Bankı və bir sıra maliyyə institutlarına əməliyyatlarının məhdudlaşdırılmasını nəzərdə tutur. İrana qarşı sanksiyaların beş və altıncı maddələri isə nəqliyyat və sığorta şirkətləri, eləcə də İranın enerji sektoruna məhdudiyyətləri əhatə edir.

Birləşmiş Ştatlar İranın sutkalıq neft ixracının 1 milyon barrel azalacağını gözləyir.

Xatırladaq ki, Birləşmiş Ştatlar nüvə razılaşmasından çıxdıqdan sonra ABŞ-ın dövlət katibi Mayk Pompeo may ayında İranla yeni bir razılaşmaya ehtiyac olduğunu vurğulayıb və 12 maddəlik şərt paketi təqdim edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.