DÜNYA
ABŞ Prezidenti Co Baydenin Cənubi Koreyaya və Yaponiyaya səfəri başlayır
Bakı, 20 may, AZƏRTAC
ABŞ Prezidenti Co Bayden mayın 20-dən 24-dək Cənubi Koreyaya və Yaponiyaya səfər edəcək, hər iki dövlətin rəhbərləri ilə görüşəcək.
AZƏRTAC CNN teleradio kompaniyasına istinadla xəbər verir ki, Co Baydenin səfərinin əsas məqsədi hökumətlər, iqtisadiyyatlar və xalqlar arasında əlaqələri daha da dərinləşdirməkdir. ABŞ Prezidenti səfər əsnasında Koreya Respublikasının yeni seçilmiş Prezidenti Yun Sok Yol və Yaponiyanın Baş naziri Fumio Kisida ilə ikitərəfli görüşlər keçirəcək.
Ağ evdən verilən məlumata görə, prezident Cənubi Koreya və Yaponiya liderləri ilə danışıqlarda təhlükəsizlik sahəsində münasibətlərin dərinləşdirilməsi, iqtisadi əlaqələrin gücləndirilməsi və praktiki nəticələrə nail olmaq üçün əməkdaşlığı genişləndirmək yollarını müzakirə edəcək. O, həmçinin Tokioda Dördtərəfli Təhlükəsizlik Dialoqunun (ABŞ, Avstraliya, Hindistan və Yaponiyadan ibarət QUAD) liderləri ilə görüşəcək.
Birləşmiş Ştatlar prezidenti Cənubi Koreyaya səfəri zamanı Ukraynaya 40 milyard dollarlıq maliyyə yardımının ayrılması barədə ABŞ Senatı tərəfindən mayın 19-da təsdiqlənmiş qanun layihəsini də imzalamalıdır.
Bloomberg agentliyinin məlumatına görə, Bayden Asiyaya səfəri zamanı Ukraynada müharibə aparan Rusiyanın əsas gəlir mənbələrindən biri olan neft qiymətlərinin məhdudlaşdırılması məsələsini də müzakirə masasına çıxaracaq.