İQTİSADİYYAT
ABŞ SENATORLARI İRANA ZƏRBƏ ENDİRMƏYİN MÜMKÜNLÜYÜNÜ DƏ EHTİMAL EDİRLƏR
AZƏRTAC xəbər verir ki, Röyter agentliyinin yaydığı məlumata görə, ABŞ-ın Respublikaçılar və Demokratlar partiyalarından bir neçə senator yanvarın 15-də bəyan etmişdir ki, İranın nüvə silahı yaratmasının qarşısını almaq üçün Birləşmiş Ştatlar bu ölkəyə hərbi zərbə endirə bilər.
Respublikaçılar Partiyasından senator Con MakKeyn S-Bi-Es telekanalına müsahibəsində demişdir: “Bu, nəzərdən keçiriləcək son variantdır. Bundan əvvəl biz bütün mümkün üsullardan istifadə etməliyik. Problemin həllinin güc variantına heç bir halda əl atmayacağımızı söyləmək ağılsızlıq olardı”.
Demokratlar Partiyasından senator, Senatın kəşfiyyat komitəsinin üzvü Evan Bey bildirmişdir ki, İranın nüvə proqramında zəif cəhətlər var və hərbi zərbə təqdirində bu ölkə nüvə silahı yaratmaq niyyətini xeyli müddətə təxirə salmalı olacaqdır. Buna baxmayaraq, o da bildirmişdir ki, hazırda həmin variantı nəzərdən keçirmək lazım deyildir.