DÜNYA
ABŞ-da COVID-19-a 24 min yeni yoluxma faktı qeydə alınıb
Vaşinqton, 9 sentyabr, AZƏRTAC
Cons Hopkins Universitetinin çərşənbə axşamı dərc edilən məlumatına görə, bazar ertəsi ABŞ-da 24 mindən çox koronavirusa yoluxma faktı aşkarlanıb.
AZƏRTAC xəbər verir ki, bu, yayın əvvəlindən ölkədə ən aşağı göstəricidir. Sonuncu dəfə ABŞ-da iyunun 21-də 30 mindən az yoluxma barədə məlumat verilib. Elə həmin mənbənin məlumatına görə, bazar ertəsi 267 nəfər koronavirusun qurbanı olub. Birləşmiş Ştatlarda yoluxmaların sayı iyulun ortalarında özünün pik həddinə (77 mindən yuxarı) çatdıqdan sonra durmadan azalır.
Lakin ABŞ-da koronavirusa yoluxanların sayının azalmasına baxmayaraq, digər ölkələrlə müqayisədə xəstəliyə tutulanlar daha çoxdur. Cons Hopkins Universitetinin məlumatına görə, pandemiya başlanandan indiyədək 6,301 milyon yoluxma və 189.200 ölüm faktları təsdiqlənib. Daha çox yoluxanların qeydə alındığı üç ştatda - Kaliforniya, Texas və Floridada iyulun ortalarından başlayaraq ən aşağı göstəricilər müşahidə edilib.
Əmək Gününə həsr olunan istirahət günlərində minlərlə amerikalı səhiyyə orqanlarının ictimai toplantıların xəstəliyin sürətlə artmasına səbəb ola biləcəyi barədə xəbərdarlıqlarına əhəmiyyət verməyərək bəzi yerlərdə kütlə halında yığışıblar.
Məsələn, Las-Veqas şəhərinin mərkəzi turistlərlə dolu olub, onların əksəriyyəti maska taxmayıb. Qrip mövsümünün yaxınlaşması ilə əlaqədar tibbi ekspertlərin narahatlığı artır. Koronavirusa yoluxanların sayının payız aylarında sürətlə artması gözlənilir.
AZƏRTAC-ın Vaşinqton bürosu