DÜNYA
ABŞ-da “Pratt & Whitney PW4000” mühərrikli bütün təyyarələr yoxlanılacaq
Bakı, 24 fevral, AZƏRTAC
ABŞ-ın Federal Mülki Aviasiya İdarəsi (FAA) ölkədə fəaliyyət göstərən bütün operatorlardan “Pratt & Whitney PW4000” mühərriki ilə təchiz olunan bütün təyyarələri uçuşdan öncə yoxlamadan keçirmələrini tələb edən direktiv dərc edib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, FAA həmin mühərriklərin ventilyator pərlərinin daxili səthində və baxış zamanı görünməyən hissələrində çatların axtarışı üçün yoxlama aparılmalı olduğunu bildirib.
Qeyd edək ki, bir qədər əvvəl Fox News telekanalı “United Airlines” aviakompaniyasına məxsus “Boeing 777” təyyarəsinin mühərrikində baş verən nasazlıq səbəbindən üzlük hissələrinin Kolorado Ştatının Denver şəhəri yaxınlığında yaşayış binalarının üstünə düşdüyü barədə xəbər yayıb. Hadisə nəticəsində təyyarənin göyərtəsində və ya yerdə xəsarət alanlar olmayıb.
İnsidentdən sonra ABŞ-ın “United Airlines” aviakompaniyası bu tipdən olan 24 təyyarənin uçuşlarını müvəqqəti dayandırıb.