DÜNYA
ABŞ-da polislər 10 yaşlı oğlanın qaçırdığı avtomobili düz bir saat qovublar VİDEO
Bakı, 27 oktyabr, AZƏRTAC
ABŞ-ın Ohayo ştatının Klivlend şəhərində 10 yaşlı oğlan anasının sevgilisinə məxsus avtomobili qaçırıb. Polislər qaçırılan avtomobili düz bir saat qovduqdan sonra dayandıra biliblər.
AZƏRTAC Cleveland.com portalına istinadla xəbər verir ki, hadisə yerli vaxtla səhər saat 8:30-da, oğlanın onu məktəbə aparacaq bacısını gözlədiyi vaxt qeydə alınıb.
Təqib zamanı qeydə alınan videogörüntüdə qaçırılan avtomobilin arxasınca azı 5 polis avtomobilinin düşdüyü görünür. Oğlan polis tərəfindən yolda quraşdırılan tikanlı maneədən yan keçmək üçün avtomobili yoldan kənara çıxardıqdan sonra onun qarşısını kəsmək mümkün olub. Polislərdən birinin sözlərinə görə uşaq saxlanılan zaman onları təpikləyir və tüpürürmüş. Qanun keşikçiləri bu səbəbdən onu qandallamağa məcbur olublar.
Uşaq avtomobili “darıxdığı üçün” qaçırdığını deyib. Portalın məlumatına əsasən o, həftə ərzində öz ailə üzvlərindən artıq ikinci dəfədir ki, avtomobil qaçırır.