DÜNYA
ABŞ-ın yeni təşviq paketində maaşlardan tutulan vergidə güzəşt olmayacaq
Bakı, 27 iyul, AZƏRTAC
ABŞ-ın Maliyyə naziri Stiven Mnuçin koronavirus epidemiyası ilə mübarizə istiqamətində həyata keçirilməsi planlaşdırılan 1 trilyon dollar həcmində yeni təşviq paketində maaşlardan tutulan vergidə hər hansı endirim nəzərdə tutulmadığını vurğulayıb.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, S.Mnuçin yeni təşviq paketində ABŞ Prezidentinin üstünlük verdiyi məsələlərin uşaqlar və məşğulluq olduğunu qeyd edib. O, həmçinin məktəblərin təhlükəsiz şəkildə yenidən açılması üçün 105 milyard dollar vəsait ayrılacağını deyib.
Nazir artırılmış işsizlik sığortasının müddətinin bitmək üzrə olduğunu xatırladaraq təşviq paketinin prioritetlərindən birinin də bu məsələyə yönəldildiyini söyləyib. O, işsizlik sığortasının mövcud strukturla davam edə bilməyəcəyini bildirib: “İnsanlara evdə qaldıqlarına görə işlədiklərindən artıq pul ödəyə bilmərik. İş tapa bilməyən insanların məqbul bir “maaş əvəzi” aldığına əmin olmaq istəyirik. Dolayısı ilə bu, 70 faizlik maaş əvəzləməsinə əsaslanacaq”.
Qeyd edilib ki, məşğulluğu qoruya bilmələri üçün şirkətlərə vergi təşviqləri nəzərdə tutulur. Pandemiya dövründə mənfəəti 50 faizdən artıq azalan şirkətlərə Maaşların Qorunması Proqramı çərçivəsində ikinci mərhələdə dəstək göstəriləcək.
Maliyyə naziri deyib: “Başlıca məqsəd dolları sabit saxlamaqdır, dollar dünyanın rezerv pul vahididir və onu qoruyacağıq”.