İQTİSADİYYAT
ABŞ səfirliyinin əməkdaşları Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində olublar
Bakı, 2 iyun, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində ABŞ-ın ölkəmizdəki səfirliyinin nümayəndələri ilə görüş keçirilib.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, Tədris Mərkəzinin rəisi vəzifəsini icra edən Mirəli Kazımov qurumun ümumi fəaliyyət istiqamətləri, beynəlxalq əlaqələri və əməkdaşlıq imkanları barədə məlumat verərək təlim prosesinin təşkili, tədrisin keyfiyyətinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər, əldə olunmuş nailiyyətlər, tədris-metodiki vəsaitlərin hazırlanması və digər məsələləri qonaqların diqqətinə çatdırıb.
Görüşdə Tədris Mərkəzi ilə səfirlik arasında müvafiq fəaliyyət üzrə əməkdaşlığın perspektiv istiqamətləri, müxtəlif aktual mövzular üzrə birgə tədbirlərin, layihələrin həyata keçirilməsi, elmi tədqiqatların aparılması, mütəxəssis hazırlığı, məlumat mübadiləsi və bir sıra sahələr üzrə müzakirələr aparılıb.
ABŞ səfirliyinin İqtisadiyyat şöbəsinin rəhbəri Castin Berg qarşılıqlı əməkdaşlıq imkanlarının geniş olduğunu vurğulayıb.
Görüş zamanı səfirliyin həyata keçirəcəyi və ya dəstək göstərə biləcəyi sahələr barədə fikir mübadiləsi aparılıb.