DÜNYA
ABŞ tərəfi Yaponiyanın təhlükəsizliyi ilə bağlı müqavilədən çıxmaq barədə planın mövcudluğunu inkar edir
Tokio, 26 iyun, AZƏRTAC
ABŞ Dövlət Departamenti kütləvi informasiya vasitələrinin Prezident Donald Trampın şəxsi söhbət zamanı ölkəsinin Yaponiyanın təhlükəsizliyi ilə bağlı müqavilədən çıxmaq planını dilə gətirməsi barədə yaydığı məlumatı inkar edib.
AZƏRTAC xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
Bildirilir ki, iyunun 24-də “Bloomberg” agentliyi D.Trampın yaxın dostuna Yaponiyanın müdafiəsi üzrə uzun müddətdir mövcud olan müqavilədən çıxmaq niyyətini bildirməsi barədə məlumat yayıb. Agentliyin bildirdiyinə görə, D.Tramp bu müqaviləyə birtərəfli sənəd kimi baxır. Bu zaman agentlik üç mənbəyə əsaslandığını bildirib.
ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi deyib ki, bu məlumatın yayılması üçün heç bir əsas yoxdur və ABŞ Yaponiya ilə təhlükəsizlik müqaviləsinə sadiqdir. Həmin nümayəndə qeyd edib ki, ABŞ-Yaponiya ittifaqı hazırda heç vaxt olmadığı qədər möhkəmdir.
Eyni zamanda, o əlavə edib ki, Vaşinqton müttəfiqlərindən müdafiənin əsas hissəsini öz üzərilərinə götürəcəklərinə və ikitərəfli müzakirələri ittifaqın möhkəmlənməsinə, onun imkanlarının genişləndirilməsinə yönəldəcəklərini gözləyir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio