DÜNYA
ABŞ və Fransada hazırlanan koronavirus dərmanlarının sınaq coğrafiyası genişləndirilir
Bakı, 30 mart, AZƏRTAC
Fransanın “Sanofi” və ABŞ-ın “Regeneron Pharmaceuticals” əczaçılıq kompaniyaları tərəfindən hazırlanan və koronavirusun müalicəsində istifadə olunması nəzərdə tutulan “Kevzara” dərmanının klinik sınaq coğrafiyası genişlənir.
AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, sınaqların keçiriləcəyi ölkələr arasına Rusiya da daxil olub. “Kevzara” revmatoid artriti xəstəliyində istifadə olunan və immun formalaşdıran preparatdır.
Preparatın koronavirusun müalicəsi zamanı orta və gec mərhələlərdə klinik sınaqlarının keçirilməsi üçün İtaliya, İspaniya, Almaniya, Fransa, Kanada və Rusiyada qeydiyyat başlayıb. ABŞ-da isə sınaqlara ötən həftə start verilib.
Agentliyin məlumatına görə, sınaqlara bir neçə ölkədən vəziyyəti ağır olan 300-dək koronavirus xəstəsi cəlb edilməlidir.
Qeyd edək ki, martın 11-də Dünya Səhiyyə Təşkilatı yeni koronavirusun yayılmasını pandemiya elan edib. Təşkilatın son məlumatına görə, artıq dünyada 720 mindən çox yoluxma və 34 minə yaxın ölüm faktı qeydə alınıb.