ELM VƏ TƏHSİL
ADNSU-nun əcnəbi məzunları doğma universitetlə əməkdaşlığa maraq göstərirlər
Bakı, 26 oktyabr, AZƏRTAC
Oktyabrın 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizə gəlmiş livanlı, almaniyalı və macarıstanlı ADNSU (əvvəlki Azİİ) məzunları ilə görüşüb.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, görüşdə rektor M.Babanlı ADNSU-da həyata keçirilən islahatlardan, tədris prosesindən və ali məktəbin beynəlxalq əlaqələrindən danışıb. Əcnəbi tələbələrin universitetə cəlb edilməsi istiqamətində görülən işlərdən söz açan rektor hazırda təhsil müəssisəsində Azərbaycan, rus və ingilis bölmələrinə tələbə qəbulunun mümkün olduğunu söyləyib.
Doğma universitetə gəlməkdən məmnun qaldıqlarını vurğulayan qonaqlar təmsil etdikləri qurumlar və ali təhsil müəssisələri ilə ADNSU arasında əməkdaşlığa maraq göstərdiklərini və bu məsələyə dəstək verəcəklərini bildiriblər.
Sonda beynəlxalq çərçivədə əməkdaşlığın inkişafı üçün rəhbərlik səviyyəsində danışıqlar aparılması barədə müzakirələr olub.