ELM VƏ TƏHSİL
ADU-da orta əsr dastanlarının oxşar cəhətlərindən danışılıb
Bakı, 27 noyabr, AZƏRTAC
Azərbaycan Dillər Universitetində (ADU) “Kitabi-Dədə Qorqud” və “Roland haqqında nəğmə” eposunun kulturoloji aspektləri” mövzusunda “dəyirmi masa” keçirilib.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, “Orta çağ qəhrəmanlıq dastanlarında Şərq və Qərb” layihəsi çərçivəsində keçirilən “dəyirmi masa”da Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov orta əsr dastanlarının oxşar və fərqli cəhətlərindən, epik zaman və məkan anlayışlarından danışıb: “Orta əsr dastanları poetik məsələlər, mifoloji qatlar və digər xüsusiyyətlər baxımından bir-biri ilə həddindən artıq səsləşir. Bu səsləşmənin ən vacib şərtlərindən biri dünya qəhrəmanlıq eposlarının dövlətçilik təfəkkürü ilə bağlı olmasıdır”.
Akademik sonra “Roland haqqında nəğmə” və “Kitabi-Dədə Qorqud” dastanlarının da obraz, süjet xətti və mifoloji yanaşma baxımından oxşar tərəfləri olduğunu vurğulayıb.
Müqayisəli folklor elmi-tədqiqat laboratoriyasının müdiri, dosent Həmidə Əliyeva “Roland haqqında nəğmə” eposunun kompozisiyası, obrazları və onun orta əsr dastanları ilə oxşar cəhətləri haqqında geniş məlumat verib. O bildirib ki, “Roland haqqında nəğmə” 4.002 şeirdən ibarətdir və bu poemanın 9 müxtəlif variantı mövcuddur.