ELM VƏ TƏHSİL
ADU-da tədbir: Üçrəngli bayrağımız and yerimizdir
Bakı, 7 noyabr, AZƏRTAC
Noyabrın 7-də Azərbaycan Dillər Universitetinin (ADU) YAP Gənclər Birliyi və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının (ETL) birgə təşkilatçılığı ilə Dövlət Bayrağı Gününə həsr olunmuş “Üçrəngli bayrağımız and yerimizdir” adlı tədbir keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycan Respublikasının üçrəngli bayrağı haqqında videoçarx nümayiş olunub.
Universitetin rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla iştirakçıları Dövlət Bayrağı Günü münasibətilə təbrik edib: “Bugünkü tədbir son dərəcə vacibdir. Hər ölkənin, hər xalqın həyatında elə rəmzlər var ki, insanlar həmin rəmzlərin uğrunda ölümə gediblər. Onlardan ən vacibi bayraqdır. Bayraq ölkənin adına çevrilir. Ulu Öndərin Naxçıvanda qaldırdığı üçrəngli bayraq bu gün də Azərbaycanın üzərində vüqarla dalğalanır. Bu gün Azərbaycan çox böyük siyasi cəsarətlə, iradə ilə inkişaf edir. Azərbaycan Prezidenti ölkənin mənafeyini göz bəbəyi kimi qoruyur. Bayrağa hörmət, məhəbbət hamımızın vətəndaşlıq, övladlıq, insanlıq borcumuzdur. İnanıram ki, universitetimizin tələbələri, müəllimləri bayraq anlayışına ictimai mənafedən yanaşacaqlar. Universitet olaraq bizim mücadiləmiz auditoriyalarda, kitabxanalarda, dərs otaqlarında, konfranslarda, seminarlarda gedir. Bu mücadilə bizi həm düşmənlərimizə qarşı, həm də dostlarımızın yanında möhkəmləndirir. Bu işdə hamınıza uğurlar arzu edirəm. Yaşasın Azərbaycan bayrağı!”
Tədbirdə Təhsil-2 fakültəsinin tələbələri İlahə Mehdiyeva “Azərbaycan bayrağının keçdiyi tarixi yol” mövzusunda çıxış edib, Zeynəb Əliyeva “Sənə mənim gözümlə baxmayanın, məzarını qazacağam!” şeirini söyləyib. Filologiya fakültəsinin tələbəsi Kəmalə Həsənova “Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli bayraq” mövzusunda, Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin tələbələri Güllü Səfərova və Əhməd Əliyev “Azərbaycan Respublikasının üçrəngli bayrağı” mövzusunda çıxış ediblər.