İDMAN
AFFA FUTBOLÇULARI VƏ KLUBLARI CƏRİMƏLƏMİŞDİR
AZƏRTAC xəbər verir ki, dekabrın 20-də AFFA-nın Nizam-İntizam Komitəsinin növbəti iclası keçirilmişdir. Tədbirdə ölkə futbol çempionatının güclülər və birinci dəstələrinin ötən həftə keçirilmiş oyunlarında baş vermiş hadisələrə hüquqi qiymət verilmişdir. Komitənin qərarına əsasən, “Qarabağ”-“Gənclər birliyi” görüşündə qonaq komandanın 4 oyunçusu sarı vərəqə aldığına görə klub 5 milyon manat cərimələnmişdir. “Ədliyyə”-“Rote Fane” qarşılaşmasında yerli komandanın 6 oyunçusuna sarı vərəqə göstərildiyi üçün klub 500 min manat cərimə edilmişdir. “Bakılı”-“Neftçi-2” görüşündə qonaq komandanın 4 oyunçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 500 min manat cərimə olunmuşdur.
Həmin qarşılaşmada “Neftçi-2” komandasının futbolçusu Ruslan Abışov ikinci sarı vərəqə aldığı üçün növbəti oyundan kənarlaşdırılmış və klub 100 min manat cərimələnmişdir. “U-17”-“Viləş” görüşündə qonaq komandanın futbolçusu Telman Sadıqov hakimi təhqir etdiyinə görə sarı vərəqə aldığından növbəti iki oyundan kənarlaşdırılmış və klub 1 milyon manat cərimələnmiş, habelə “Viləş” komandası oyunqabağı iclasa gəlmədiyindən 750 min manat cərimə edilmişdir.