DÜNYA
AFR-in Kommers-Bankı vergi fırıldağı üzrə təhqiqatın mərkəzindədir
Berlin, 12 sentyabr, AZƏRTAC
AFR-in Frankfurt-Mayn şəhərində yerləşən, aksiyalardan dividendlərə vergilərin qeyri-qanuni qaytarılması üzrə cinayətkar sxemdə iştirakda şübhəli bilinən Kommers-Bankın ofislərində ölkə prokurorluğu tərəfindən axtarışlar aparılıb.
AZƏRTAC bu barədə “Handelsblatt” qəzetinə istinadla xəbər verir. Vergi sirri baxımından, yoxlamanın nəticələri haqqında AZƏRTAC-ın xüsusi müxbiri hüquq-mühafizə orqanlarından hələ ki, məlumat ala bilməyib. Lakin Kommers-Bankın özündə jurnalistə maliyyə təsisatı ilə istintaq arasında tam əməkdaşlığın olması barədə bildiriblər.
Qeyd edək ki, şübhə altında olan Kommers-Bank ölkənin ən iri maliyyə təsisatlarından biridir. Prokurorluğun fikrincə, bankın iştirak etdiyi fırıldaqçılıq isə “Kum-Eks” adı ilə məşhurdur. İş orasındadır ki, gəlir gətirən qiymətli kağızlar alman dilində latın önşəkilçisi olan “Kum” ilə, dividend gətirməyənlər isə “Eks” ilə işarə edilir. Buradan da dələduzluq sxeminin adı əmələ gəlib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin