REGİONLAR
AĞDAŞDA ALTI AY ƏRZİNDƏ 1283 YENİ İŞ YERİ YARADILMIŞDIR
AZƏRTAC xəbər verir ki, 2007-ci ilin birinci yarısında Ağdaş rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr avqustun 13-də rayon icra hakimiyyətinin başçısı yanında şuranın iclasında müzakirə olunmuşdur.
Əvvəlcə rayon icra hakimiyyətinin başçısı Rafiq Niftəliyev Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində ölkəmizin hər yerində, o cümlədən Ağdaşda əhalinin sosial rifah halının daha da yaxşılaşmasından, yeni istehsal müəssisələrinin və xidmət obyektlərinin açılmasından, iş yerlərinin yaradılmasından, regionlarda sosial obyektlərin və infrastrukturun müasirləşdirilməsindən danışmışdır.
R.Niftəliyev hesabat məruzəsində bildirmişdir ki, 2007-ci ilin birinci yarısında rayonda həyata keçirilmiş tədbirlər nəticəsində məhsul istehsalı 19,5 faiz, orta aylıq əmək haqqı 38,5 faiz artmışdır. Hesabat dövründə 1283 yeni iş yeri yaradılmışdır ki, bunun da 355-i daimidir. Ümumiyyətlə, 2003-cü ildən bəri Ağdaşda 7717 iş yeri yaradılmışdır ki, bunun 2733-ü daimidir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq tədbirlərin həyata keçirilməsi davam etdirilmiş, təhsil, səhiyyə, mədəniyyət ocaqlarının təmiri və bərpası ön plana çəkilmişdir. Kəndarası yollar təmir olunmuş, əhalinin elektrik enerjisi və təbii qaza olan tələbatının ödənilməsi məqsədi ilə yeni transformatorlar, qaztənzimləyici qurğular quraşdırılmışdır. Ağdaş şəhərinin su-kanalizasiya sistemlərinin yenidən qurulması məqsədi ilə layihə-smeta sənədləri hazırlanmış, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 48 mənzilli binanın və Olimpiya-İdman Kompleksinin tikintisində işlər davam etdirilmişdir.
İclasda idarə və təşkilat rəhbərləri görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat vermiş, mövzu ətrafında müzakirələr aparmış, mövcud problemlərin tezliklə həll ediləcəyini bildirmişlər.
İcra hakimiyyətinin başçısı təhsil, mədəniyyət, səhiyyə şöbələrinə elektrik enerjisi və təbii qaz təchizatı müəssisələrinin rəhbərlərinə konkret tapşırıqlar vermişdir.
Toplantıda Azərbaycan Respublikası Prezidenti Aparatının məsul işçisi Rüfət Əliyev iştirak etmişdir.