AĞ GÖL MİLLİ PARKININ YARADILMASI TƏBİƏTƏ QAYĞININ TƏZAHÜRÜDÜR
Azərbaycan Prezidentinin 5 iyul 2003-cü il tarixli Sərəncamı ilə Ağcabədi və Beyləqan rayonlarının 17 min 924 hektarlıq sahəsində, Ağ göl Dövlət Təbiət Qoruğunun bazasında Azərbaycan Respublikasının Ağ göl Milli Parkı yaradılmışdır. Milli Parkda müxbirimizə bildirmişlər ki, ölkəmizin başçısının Sərəncamı əməkdaşlarımız tərəfindən razılıqla qarşılanmışdır. Qoruğa milli park statusu verilməsi təbiətə, ətraf mühitin mühafizəsinə, nadir bitki və heyvan növlərinin qorunub saxlanmasına göstərilən qayğının parlaq təzahürüdür. Bitki və heyvanat aləmi ilə zəngin olan qoruqda 400-dən çox su-bataqlıq bitkisi, 15 növ məməli heyvan, 12 adda balıq, 200-dən çox quş növü vardır. Buradakı 20 nadir quş növü “Qırmızı kitab”a düşmüşdür. Hazırda qoruqda 500 mindən çox qanadlı müsafir yaşayır.