SİYASƏT
AKADEMİK İMAM MUSTAFAYEVİN 100 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLMİŞDİR
Bakı, 13 mart (AZƏRTAC). Azərbaycan Ağsaqqallar Şurası (AAŞ) martın 13-də görkəmli alim və ictimai-siyasi xadim, akademik İmam Mustafayevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirmişdir.
Toplantını giriş sözü ilə AAŞ-ın sədri, akademik Budaq Budaqov açaraq İmam Mustafayevin ictimai-siyasi və elmi fəaliyyəti haqqında məlumat vermişdir. O, İ.Mustafayevin Azərbaycan elminə, kənd təsərrüfatına verdiyi misilsiz töhfələri xüsusi vurğulamışdır.
İ.Mustafayevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin rəhbəri olduğu dövrlər xatırlanmış, görkəmli ictimai-siyasi xadimin ölkə həyatının bütün sahələrinə qayğıkeşliklə yanaşdığı diqqətə çatdırılmışdır.
Daha sonra İmam Mustafayevin geniş elmi fəaliyyəti haqqında BDU-nun professoru Müseyib Müseyibov məlumat vermiş, yubilyarla görüşlərindən, xatirələrindən danışmışdır. Natiq keçmiş Sovet hakimiyyəti illərində İ.Mustafayevin Azərbaycan Elmlər Akademiyasının dayanıqlı fəaliyyəti üçün gördüyü işlərdən söhbət açmışdır. Onun əsl vətənpərvər kimi xalqına xidmət etdiyi vurğulanmışdır.
AAŞ sədrinin birinci müavini Əli Həsənov və digərləri çıxışlarında İ.Mustafayevlə bağlı xatirələrini bölüşmüş, onun Azərbaycan Ağsaqqallar Şurasının yaradılmasında xidmətlərini qeyd etmişlər.
Ulu öndər Heydər Əliyevin görkəmli alim və ictimai xadimin xidmətlərini hər zaman layiqincə qiymətləndirdiyi xüsusi vurğulanmışdır.
Azərbaycanın elmi və ictimai-siyasi həyatında mühüm xidmətləri nəzərə alınaraq İmam Mustafayevin 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında Prezident İlham Əliyevin müvafiq Sərəncam imzaladığını bildirən natiqlər, dövlətimizin başçısına göstərilən diqqətə görə minnətdarlıqlarını bildirmişlər.