ELM VƏ TƏHSİL
ALİMLƏR XƏBƏRDARLIQ EDİRLƏR: MARS YER KÜRƏSİNƏ DOĞRU GƏLİR
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərdə deyilir ki, alimlərin hesablamalarına görə, avqust ayında Mars planeti son 60 min ildə Yer kürəsinə ən qısa məsafədə olacaqdır. Avqustun 27-də bu planetlər arasındakı məsafə təxminən 56 milyon kilometr təşkil edəcəkdir. Həmin gün Yerdən qırmızı planet daha böyük və həmişəkindən daha parlaq görünəcəkdir.
ABŞ alimlərinin sözlərinə görə, bu, bəşər tarixində nadir hadisədir: Marsın planetimizə əvvəlki maksimum yaxınlaşması zamanı Yer kürəsində neandertallar yaşayırdı.
Marsın Yer planetinə son dəfə yaxınlaşdığı 1988-ci ildə onların arasındakı məsafə indikindən təqribən 3 milyon kilometr çox olmuşdur.