İDMAN
ALMANİYA HƏNDBOLÇULARI 2007-Cİ İLİN DÜNYA ÇEMPİONUDURLAR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, həndbol üzrə Almaniya kişi milli seçmə komandası, 29 illik uzun fasilədən sonra, üçüncü dəfə dünya birinciliyinin qalibi olmuşdur.
Xatırladaq ki, Almaniya həndbol kişi seçməsi ilk dəfə 1938-ci, bunun ardınca 40 ildən sonra 1978-ci ildə ikinci dəfə və 2007-ci ildə dünya birinciliyinin qalibi olmuşdur.
Köln şəhərində keçirilən dünya birinciliyinin final mərhələsində dünyanın ən güclü 4 kişi həndbol seçmə komandası mübarizə aparmışdır.
Finalda Polşa yığması üzərində 29:24 hesabı ilə qələbə qazanan Almaniya seçmə komandası dünya birinciliyinin qalibi olmuşdur.
Bürünc medallar uğrunda mübarizədə Fransa yığma komandası üzərində 34:27 hesabı ilə qələbə qazanan Danimarka həndbolçuları dünya birinciliyinin keçirildiyi 40 il ərzində ilk dəfə üçüncü yerə çıxaraq bürünc medallara sahib çıxmışdır. Fransa komandası dördüncü yerlə kifayətlənmişdir.