DÜNYA
ALMANİYA HOLOKOST QURBANLARININ BEYNƏLXALQ XATİRƏ GÜNÜNÜ QEYD ETMİŞDİR
Bundestaqda keçirilən xüsusi iclasda Almaniya Prezidenti Horst Köler də iştirak etmişdir. Parlamentin sədri Norbert Lammert iclasda çıxışında bildirmişdir ki, Osventsim faşistlərin milyonlarla yəhudi və digər millətlərə mənsub vətəndaşlar, habelə nasizmə qarşı mübarizlər barəsində törətdiyi cinayətlərin sinoniminə çevrilmişdir.
“Üçüncü reyx”in hökmranlığı illərində hitlerçilərin 1940-cı ildə Polşanın cənubunda yaratdıqları bu ən böyük ölüm düşərgəsində, müxtəlif hesablamalara görə, təxminən 1,5 milyon insan məhv edilmişdir.
Almaniyanın müxtəlif şəhərlərində, habelə faşistlərin keçmiş “qırğın fabrikləri”nin ərazisindəki bir sıra xatirə komplekslərində matəm yürüşləri, sükut dəqiqələri keçirilmiş, dualar oxunmuş, nasizm qurbanlarının abidələri önünə əklillər qoyulmuşdur.