SİYASƏT
ALTERNATİV XİDMƏT HAQQINDA QANUN LAYİHƏSİ MİLLİ MƏCLİSİN PAYIZ SESSİYASINDA MÜZAKİRƏ OLUNACAQDIR
Komissiyanın sədri, Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov demişdir ki, 2003-cü ilin yaz sessiyası dövründə rəhbərlik etdiyi qurum 9 iclas keçirmiş, 8 qanun və 2 qərar layihəsini parlamentin müzakirəsinə çıxarmışdır.
Payız sessiyasında isə komissiya “Terrorizmlə mübarizə haqqında”, “Fövqəladə vəziyyət haqqında” və “Alternativ xidmət haqqında” qanun layihələrini parlamentin müzakirəsinə təqdim edəcəkdir. Bundan başqa, ölkəmizin Prezidentinin qanunvericilik təşəbbüsü ilə parlamentə göndərəcəyi qanun layihələri də komissiya tərəfindən müzakirə olunduqdan sonra Milli Məclisin sessiyalarının gündəliynə daxil ediləcəkdir.
Sonra deputatlar müdafiə və təhlükəsizliklə bağlı qanunların daha dolğun və hərtərəfli hazırlanması, eləcə də ordu ilə bağlı bəzi məsələlərin yerindəcə araşdırılması və həll olunması məqsədi ilə komissiya üzvlərinin hərbi hissələrdə olmasının məqsədəuyğunluğu barədə məsələ qaldırıblar. Ziyafət Əsgərov məsələnin Müdafiə Nazirliyi ilə müzakirə edilərək həll olunacağını bildirmişdir.