MƏDƏNİYYƏT
ƏMƏKDAŞLIQ HAQQINDA PROTOKOL İMZALANMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Polad Bülbüloğlu qonaqları salamlayaraq, respublikamızda muzey və kitabxana işinin vəziyyətindən danışdı. O bildirdi ki, bu gün iki mühüm sənəd - əməkdaşlıq haqqında protokol və kitabxanaçılıq işində qarşılıqlı fəaliyyət haqqında saziş imzalanacaqdır.
Nazir dedi ki, respublikamızda 10 mindən artıq kitabxana var, onların 4 mindən çoxu Mədəniyyət Nazirliyinə məxsusdur. Bu kitabxanaların işini müasir dövrün tələblərinə uyğunlaşdırmaq lazımdır. Hazırda kitabxanalar rəqəmli daşıyıcılara keçir və ümumən, tamamilə yeni qaydada işləməyə başlayırlar. Rusiyada kitabxanaçılıq işi çox yüksək səviyyədədir. Rusiya mütəxəssisi Avropa Şurasının eksperti kimi Azərbaycana gələrək, burada böyük iş görmüşdür. İndi biz kitabxanaların yenidən təşkili barədə razılığa gəlməliyik.
Rusiya naziri Aleksandr Sokolov ölkələrimiz arasında mədəni əlaqələrin vəziyyətindən razı qaldığını bildirdi, Rusiyanın beynəlxalq mədəni əlaqələrindən danışdı.
Sonra Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Rusiya Federasiyasının Mədəniyyət və Kütləvi Kommunikasiyalar Nazirliyi arasında əməkdaşlıq haqqında protokol və kitabxanaçılıq işində qarşılıqlı fəaliyyət haqqında saziş imzalandı.
Sənədləri Azərbaycanın mədəniyyət naziri Polad Bülbüloğlu və Rusiyanın mədəniyyət və kütləvi kommunikasiyalar naziri Aleksandr Sokolov imzaladılar.
Əməkdaşlıq haqqında protokolda mədəniyyət günləri, festivallar keçirilməsi, bir-birinə musiqi kollektivləri göndərilməsi, dram teatrlarının və musiqili teatrların, bədii kollektivlərin və ayrı-ayrı ifaçıların qastrollarının təşkili nəzərdə tutulur. Tərəflər xalq yaradıcılığı sahəsində də əməkdaşlıq edəcək, xalq yaradıcılığı evləri və özfəaliyyət kollektivləri arasında birbaşa əlaqələr yaradılmasına kömək göstərəcəklər. Muzey işi və sərgi fəaliyyəti sahəsində əməkdaşlıq, ali və orta ixtisas mədəniyyət və incəsənət məktəbləri arasında birbaşa əlaqələr yaradılması, bir-birinə tələbələr göndərilməsi, yaradıcılıq stajları, informasiya mübadiləsi, Rusiya və Azərbaycan xalqlarının tarixi-mədəni irsinin öyrənilməsi, axtarışı və qeydiyyata alınması da nəzərdə tutulur.
Tərəflər öz səlahiyyətləri çərçivəsində mədəni dəyərlərin ölkəyə qanunsuz gətirilməsinin və ölkədən çıxarılmasının qarşısını almağa müvafiq dövlət orqanları ilə birlikdə nəzarət edəcəklər.
Sonra Rusiya naziri A.Sokolov jurnalistlərin suallarına cavab verdi.
Sonda qonaqlar Xalça Muzeyinin eksponatlarına baxdılar.
Sənədlərin imzalanması mərasimində Rusiyanın Azərbaycandakı səfiri Nikolay Ryabov iştirak edirdi.