ELM VƏ TƏHSİL
AMEA-nın Yer Elmləri Bölməsi və Şəki Regional Elmi Mərkəzi hesabat verib
Bakı, 30 yanvar, AZƏRTAC
Yanvarın 30-da AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib. Əvvəlcə AMEA-nın Yer Elmləri Bölməsinin və Şəki Regional Elmi Mərkəzinin alimlərinin 2022-ci ildə əldə etdikləri mühüm nəticələri əks etdirən sərgiyə baxış keçirilib.
AZƏRTAC xəbər verir ki, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli iclasın gündəliyi barədə məlumat verib.
İclasda AMEA-nın Yer Elmləri Bölməsinin və Şəki Regional Elmi Mərkəzinin 2022-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatları dinlənilib.
Yer Elmləri Bölməsinin hesabatını təqdim edən bölmənin Elmi şurası sədrinin müavini akademik Fəxrəddin Qədirov bildirib ki, ötən il Yer Elmləri Bölməsində 8 problemi əhatə edən 45 mövzu, 55 elmi tədqiqat işi, 43 mərhələ üzrə elmi-tədqiqat işi yerinə yetirilib, 1 mövzu, 16 elmi-tədqiqat işi başa çatdırılıb, 1 tətbiq işi tamamlanıb, 8 mühüm nəticə əldə olunub. Belə ki, “Azərbaycanın Xəzər və Xəzəryanı ərazilərinin geosistemlərinin və bioloji müxtəlifliyin peyk məlumatları əsasında qiymətləndirilməsi” və “Məhsuldar qatın dərində yatan daban laylarının geoloji quruluşu və karbohidrogen flüidlərinin faza halı” elmi-tədqiqat proqramları üzrə işlər başa çatdırılıb. Hesabat ilində bölmənin alimləri tərəfindən 15 monoqrafiya, 19 kitab və 7 dərs vəsaiti, 233 məqalə (78-i xaricdə), 90 tezis (46-sı xaricdə) nəşr edilib. Məqalələrdən 45-i “Web of Science” və “Scopus” bazasında olan impakt faktorlu jurnallarda işıq üzü görüb.
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Yusif Şükürlü bildirib ki, hesabat ilində mərkəzdə 6 istiqamətdə, 8 şöbədə, 8 mövzu üzrə elmi-tədqiqat işləri aparılıb. Belə ki, “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə AMEA-nın Rəyasət Heyətinin qərarı ilə təsdiqlənmiş tədbirlər planında mərkəzə tapşırılmış bəndlər üzrə, eləcə də “Azərbaycanın şimal-qərb bölgəsinin landşaft qurşaqlarında intensivləşməkdə olan səhralaşmanın biogeokimyəvi üsullarla tədqiqi”, “Qarabağın Zəngilan rayonu ərazisində landşaft diaqnostik tədqiqatların aparılması” işləri üzrə ilkin tədqiqatlar yerinə yetirilib, regiondan etnoqrafik və folklor materialları toplanıb, ekoturizmin bölgədə inkişafı ilə bağlı monitorinqlər aparılıb. Həmçinin “Azərbaycanın insan, heyvan və bitki genefondunun genetik kolleksiyalarının və məlumat bazalarının yaradılması”, “Azərbaycanın şimal-qərb bölgəsinin iqlim şəraitinə uyğun məhsuldar tut ipəkqurdu (Bombyx mori L) cins və hibridlərinin yaradılması, eləcə də və Saturnia pyri vəhşi ipəkqurdunun istehsalata tətbiqinin genişləndirilməsi” mövzusu üzrə tədqiqatların aparılıb. 2022-ci ildə mərkəzin əməkdaşlarının 2 kitabı, 42 elmi məqaləsi (9 məqalə “Scopus”, 4 məqalə “Web of Science” bazasında), 16 tezisi işıq üzü görüb.
Hesabatlar dinlənildikdən sonra məruzələr ətrafında çıxışlar olub, təkliflər səsləndirilib.
Yer Elmləri Bölməsinin və Şəki Regional Elmi Mərkəzinin 2022-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatları qənaətbəxş hesab edilib və müvafiq qərar qəbul olunub.