ELM VƏ TƏHSİL
AMEA-nın növbəti tədbirlər planı təsdiqlənib
Bakı, 27 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin iyunun 27-də keçirilən növbəti iclasında AMEA-nın ümumi yığıncağının 2019-cu il 1 may tarixli qərarının icrası ilə bağlı tədbirlər planı müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, iclasda AMEA-nın may ayında keçirilən ümumi yığıncağında Rəyasət Heyətinə 2019-cu ildə akademiyada icrası zəruri olan bir sıra tapşırıqlar verildiyi və onların həyata keçirilməsi üçün AMEA Rəyasət Heyəti üzvlərinin, aparatın aparıcı struktur bölmələri və elmi bölmələrin iştirakı ilə müvafiq təklif və tədbirlər planı hazırlanaraq Rəyasət Heyətinə təqdim olunduğu qeyd olunub.
İclasda məsələ ilə bağlı müzakirədən sonra tədbirlər planı təsdiqlənib. Sənəddə nəzərdə tutulmuş işlərin həyata keçirilməsi ilə bağlı zəruri elmi, elmi-təşkilati və digər tədbirlərin görülməsi məqsədilə tapşırıqlar verilib.
Tədbirlər planında Xəzər dənizinin multidissiplinar elmi problemlərinin həlli üçün kompleks tədqiqatlar planlaşdırılması, biologiya və tibb sahəsində kristalloqrafiya üzrə tədqiqatlar, Azərbaycanda demoqrafiya prosesləri, bioarxeoloji rekonstruksiyalar, insan morfologiyası, paleopatologiya, paleogenomika, kompüter tomoqrafiyası, 3D həndəsə və paleo DNT sahəsində tədqiqatların genişləndirilməsi nəzərdə tutulur.
Azərbaycanda etnoslararası qarşılıqlı təsirin müxtəlif aspektlərinin öyrənilməsi, beynəlxalq münasibətlər sisteminin müasir əsaslarının formalaşdırılması, AMEA-da doktorantura təhsilinin Avropa təhsil sisteminə inteqrasiyasının təmin edilməsi, elektron dövlətin informasiya resurslarının yaradılması, Azərbaycanda supermolekulyar kimyanın inkişafı, süni intellekt sistemlərinin kompüter modelləşdirilməsi və s. istiqamətlərdə müvafiq tədbirlərin icrası da plana daxil edilib.