ELM VƏ TƏHSİL
AMEA-nın və Kənd Təsərrüfatı Nazirliyinin elmi-tədqiqat institutları əməkdaşlığa başlayır
Bakı, 11 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutu (GEİ), Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzi Baytarlıq Elmi-Tədqiqat İnstitutu (BETİ) və Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu (HETİ) arasında birgə elmi-texniki əməkdaşlığa dair üçtərəfli, GEİ ilə HETİ arasında isə ikitərəfli müqavilə imzalanıb.
Genetik Ehtiyatlar İnstitutundan AZƏRTAC-a bildiriblər ki, “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nə, “Elm haqqında” Azərbaycan Respublikasının Qanununa və “Azərbaycan Respublikasında baramaçılıq və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq imzalanan müqavilələrdə tərəflərin baramaçılıq və ipəkçilik, o cümlədən kənd təsərrüfatı heyvanlarının genetik ehtiyatlarının öyrənilməsi sahəsində birgə elmi-tədqiqatların aparılmasında, habelə elmi-pedaqoji, digər fəaliyyət sahələrində birgə əməkdaşlığı nəzərdə tutulur.
Müqavilələri GEİ-nin direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov, Aqrar Elm və İnnovasiya Mərkəzi BETİ-nin direktoru, baytarlıq üzrə fəlsəfə doktoru Sialə Rüstəmova və HETİ-nin direktoru, dosent Mahir Hacıyev imzalayıblar.