CƏMİYYƏT
ANAMA: Sentyabrın 27-dən indiyədək piyada və tank əleyhinə 8972 mina zərərsizləşdirilib
Bakı, 11 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən mina və partlamamış hərbi sursatın təmizlənməsi əməliyyatları Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Tərtər rayonları və Şuşa şəhəri ərazisində aparılır.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, Bərdə-Ağdam, Füzuli-Zəngilan-Ağbənd dəmiryolu xətləri, Füzuli-Şuşa, Suqovuşan-Talış-Tapqaraqoyunlu istiqamətində avtomobil yollarının, Füzuli-Şuşa, Ağdam və Tərtər rayonunun Suqovuşan kəndinə çəkiləcək yüksək gərginlikli elektrik xəttinin keçəcəyi ərazinin, Qubadlı, Ağdam və Zəngilan rayonları ərazisində əkin sahələrinin mina və partlamamış hərbi sursatdan təmizlənməsi əməliyyatları davam edir.
Mina və partlamamış hərbi sursatın təmizlənməsi əməliyyatları əllə minaaxtarma, mexaniki minatəmizləmə maşınlarının və minaaxtaran itlərin dəstəyi ilə həyata keçirilir.
Sentyabrın 27-dən etibarən aparılmış minatəmizləmə əməliyyatları zamanı 15 milyon 75 min 602 kvadratmetr ərazi yoxlanılıb, piyada və tank əleyhinə 8972 mina, 6569 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Agentlik bir daha bildirir ki, işğaldan azad edilmiş ərazilər minalar, partlamamış hərbi sursat, tərkibində partlayıcı olan qurğular və müharibənin partlayıcı qalıqları ilə çirklənmiş ərazilərdir. Təhlükəsizlik səbəbindən vətəndaşların xüsusi icazə olmadan həmin ərazilərə girişi qadağandır.